AZ

“Trend artıq seçim yox, sosial təzyiqə çevrilir”- Psixoloq

Sosial mediada yayılan trendlərin gənclərə təsiri artıq sadəcə keçici bir mövzu deyil, gündəlik davranışlara, düşüncə tərzinə və hətta özünüqavrama prosesinə birbaşa təsir edən ciddi sosial fenomenə çevrilib.

QHT.az xəbər verir ki, psixoloq İlkin Kazımovun fikrincə, gənclik dövrü insanın kim olduğunu, hansı kimliyə aid olduğunu və necə görünmək istədiyini axtardığı ən həssas mərhələlərdən biridir və məhz bu dövrdə sosial media bu axtarışa hazır “şablonlar” təqdim edir.

 

Psixoloqun sözlərinə görə, “gənc yaş dövrü elə bir mərhələdir ki, insan kim olduğunu, nəyə aid olduğunu və necə görünməli olduğunu axtarır, sosial media isə bu axtarışa hazır istiqamətlər verir”. Onun fikrincə, bu platformalar insanın şəxsiyyət formalaşma prosesinə müdaxilə edərək, fərdi seçimləri belə yönləndirə biləcək qədər güclü təsir mexanizminə malikdir.

 

İlkin Kazımov qeyd edir ki, “sosial media sən özünü tapmamış, sənə necə olmalı olduğunu deyən yüzlərlə şablon təqdim edir”. Bu isə gənclərin öz daxili seçimlərinə əsaslanmaq əvəzinə, daha çox xarici təsirlərlə qərar verməsinə səbəb olur. Nəticədə insan öz kimliyini formalaşdırmaq əvəzinə, hazır modellərə uyğunlaşmağa başlayır.

 

Mütəxəssis bildirir ki, trendlərin özü tamamilə mənfi deyil və bəzən sosiallaşma, ünsiyyət və özünüifadə üçün imkan yaradır. Lakin əsas problem o zaman ortaya çıxır ki, “trend artıq seçim yox, sosial təzyiqə çevrilir”. Bu halda gənclər trendə maraqdan və ya istəyərək deyil, geridə qalmaq qorxusu ilə qoşulurlar və davranışlar səmimiliyini itirərək daha çox “rol oynama” xarakteri alır.

 

Psixoloqun fikrincə, müasir gənclər arasında ən geniş yayılmış problemlərdən biri müqayisə sindromudur. İnsanlar öz real həyatlarını sosial mediada paylaşılmış, seçilmiş və filtrdən keçirilmiş görüntülərlə müqayisə edir və nəticədə yanlış nəticəyə gəlirlər. “Hamı daha xoşbəxtdir, hamı daha uğurludur, hamı daha gözəldir” kimi illüziya formalaşır ki, bu da özünə dəyər hissini tədricən zəiflədir.

 

Digər mühüm məqam isə bəzi trendlərin riskli davranışları normallaşdırmasıdır. İlkin Kazımov bu barədə bildirir ki, gənclər çox vaxt “hamı edir, deməli normaldır” məntiqi ilə hərəkət edirlər. Bu isə xüsusilə yeniyetmələrdə sosial təsirə həddindən artıq açıq davranış modelinin formalaşmasına gətirib çıxara bilər.

 

Sonda psixoloq vurğulayır ki, burada əsas məsələ trendlərin qarşısını almaq deyil, çünki bu, real deyil. Əsas məsələ gənclərin tənqidi düşünmə bacarığının gücləndirilməsidir. Onun fikrincə, insan “niyə bunu edirəm?” sualını verə bilirsə, trend onu idarə etmir, əksinə o, trendi idarə etməyi öyrənir.

Zəhra Ağayeva

Seçilən
102
36
qht.az

10Mənbələr