AZ

İnsanabənzər robotlar NVIDIA serverlərinin yığılmasına cəlb olunur

İstehsalatda məhz humanoid (insanabənzər) robotlardan istifadə ideyası getdikcə daha çox şirkəti cəlb edir və NVIDIA üçün server avadanlıqları toplayan ən böyük podratçılardan biri olan Tayvan şirkəti Foxconn da bu trendlə ayaqlaşmaq qərarına gəlib. 

 

QHT.az Technote.az-a istinadən bildirir ki, istehsalat proseslərində insanabənzər (humanoid) robotların tətbiqi sürətlə genişlənir. Tayvanın Foxconn şirkəti də bu istiqamətdə addım ataraq NVIDIA üçün server avadanlıqları yığdığı ABŞ-dakı istehsal müəssisəsində robotlardan istifadə etməyə hazırlaşır.

 

Şirkət ABŞ-ın Hyuston şəhərində yerləşən zavodunda insanabənzər robotların tətbiqinə başlayacaq. Foxconn nümayəndələrinin məlumatına görə, Texasdakı bu müəssisə dünyada belə texnologiyanın istifadə olunacağı ilk istehsal mərkəzlərindən biri olacaq. Burada GR00T N modeli ilə təlim keçmiş və NVIDIA Isaac platforması üzərində işləyən robotlar fəaliyyət göstərəcək.

 

Süni intellekt əsaslı sistemlər server avadanlıqlarının yığılması prosesinə inteqrasiya olunacaq və istehsalın daha səmərəli idarə edilməsinə xidmət edəcək. Foxconn həmçinin ABŞ-da artan server tələbatını nəzərə alaraq istehsalı Viskonsin və Kaliforniya ştatlarında genişləndirməyi planlaşdırır.

 

Şirkət rəhbərliyi bildirir ki, məqsəd süni intellekt üçün daha inkişaf etmiş məlumat emalı mərkəzləri yaratmaq və müştərilərin rəqabətdə üstün mövqe qazanmasına dəstək verməkdir.

 

Bununla yanaşı, bəzi mütəxəssislər insanabənzər robotların istehsalatda istifadəsini tam səmərəli hesab etmir. Onların fikrincə, ixtisaslaşmış sənaye manipulyatorları daha ucuz və daha effektiv həll ola bilər.

 

Eyni zamanda Tesla və bir sıra Çin avtomobil istehsalçıları da humanoid robot texnologiyalarını sınaqdan keçirir. Foxconn-un bu addımı isə həm avtomatlaşdırmanın gücləndirilməsi, həm də işçi qüvvəsi çatışmazlığının azaldılması kimi qiymətləndirilir.

Seçilən
84
qht.az

1Mənbələr