“STEP – Speak, Teach, Empower, Progress” qrant layihəsi məktəbdə çalışan ingilis dili müəllimlərinin beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etməsini, eləcə də bu təcrübənin məktəbdaxili fəaliyyətlərə inteqrasiyasını hədəfləyir.
Layihə çərçivəsində 4 ingilis dili müəllimi onlayn IELTS hazırlıq kurslarına cəlb olunub. Təlim proqramı üzrə iştirakçılara dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını inkişaf etdirən modullar tədris edilib. Təlim prosesinin sonunda müəllimlərin imtahana qeydiyyatı və iştirakı təmin olunub.
Hazırlıq mərhələsindən sonra əldə olunan bilik və bacarıqların tətbiqi məqsədilə müəllimlərin təşəbbüsü ilə məktəbdə xarici dil klubu yaradılıb. Klub çərçivəsində hər bir müəllim tərəfindən debatlar, film və kitab müzakirələri təşkil olunub. Bu fəaliyyətlər şagirdlərin dil öyrənməyə marağını artırmaqla yanaşı, onların praktik ünsiyyət bacarıqlarının inkişafına da töhfə verir.
Layihənin yekun mərhələsində əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış tədbirinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Günay Xudiyeva tərəfindən 181 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.












