AZ

Könül Xasıyeva: İnanıram ki, Qarabağda güclü və bənzərsiz səslər yetişəcək

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan musiqi mədəniyyətinin ən dərin qatlarını özündə yaşadan muğam əsrlərin yaddaşından süzülüb gələn, xalqın duyğularını, sevincini və nisgilini özündə birləşdirən nadir sənət incilərindəndir. Bu zəngin irsi yaşadan və ona yeni nəfəs verən sənətkarlardan biri də Azərbaycanın tanınmış xanəndəsi, Xalq artisti Könül Xasıyevadır.

Bülbül adına orta ixtisas musiqi məktəbində görkəmli sənətkar Şövkət Ələkbərovanın, Azərbaycan Dövlət Konservatoriyasında isə ustad xanəndə Arif Babayevin tələbəsi olan Könül Xasıyeva, muğam sənətinə özünəməxsus üslubu ilə fərqli çalar qatıb. Onun səsindəki incəlik, təbii məlahət və daxili ahəng ifalarını dinləyici üçün sadəcə musiqi deyil, bir hissə çevirir.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan muğam ifaçısı bildirib ki, musiqi onun həyatının ayrılmaz hissəsidir.

Gənc ifaçılar nəslinin inkişafına xüsusi önəm verən Könül Xasıyeva hər il oktyabr ayında yeni qruplar formalaşdırdığını, onlara həm ənənəvi, həm də onlayn formada muğam dərsləri keçdiyini bildirib: “Bu sahədə məlumatları sosial şəbəkələr vasitəsilə paylaşaraq muğamın daha geniş auditoriyaya çatması üçün çalışıram. Gənclərin muğama marağının artmasında ölkədə keçirilən muğam müsabiqələrinin böyük rolu var. Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.”

Sənətkar həmçinin Qarabağda keçirilən musiqi festivalları barədə təəssüratlarını bölüşərək həmin torpaqlarda yeni istedadlı ifaçıların yetişəcəyinə inamını ifadə edib: “Hələ ki, ürəyimcə olan səs qarşıma çıxmayıb. Amma inanıram ki, məhz o torpaqlardan çox güclü, bənzərsiz, özünəməxsusluğu ilə seçilən səslər yetişəcək. Qarabağ hər zaman musiqimizin beşiyi olub.”

Könül Xasıyeva iyunun 10-da Heydər Əliyev Sarayında keçiriləcək konserti barədə də məlumat verib. O qeyd edib ki, proqramın adı onun öz şeirindən götürülüb – “Sənə olan məhəbbətim”. Bu konsert muğam ifaçısının dinləyicilərinə olan sevgisinin ifadəsi olacaq.

Müxbir – Gülay Nəzərova, Məryəm Balayeva
Videooperator – Mir Rəsul Cəfərov
Seçilən
13
2
azertag.az

3Mənbələr