Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, xüsusilə, dünən Bakıda hər iki ölkə liderinin iştirakı ilə birgə bəyannamənin imzalanması və Azərbaycan ilə Latviya Xarici İşlər Nazirlikləri, eləcə də Daxili İşlər, Kənd Təsərrüfatı və digər dövlət qurumları arasında əməkdaşlıq sənədlərinin qəbul edilməsi göstərir ki, dövlətlərarası münasibətlər daha da intensivləşir və qarşılıqlı əlaqələr praktik müstəviyə keçir.
Bununla yanaşı, Orta Dəhliz üzərindən Avropaya çıxış baxımından Azərbaycanın logistik imkanları Latviya üçün maraq kəsb edir. Avropa ölkəsi kimi Latviya ilə, ümumilikdə isə Baltik regionu ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın strateji maraqlarına uyğundur. Bu əməkdaşlıq, eyni zamanda, gələcək münasibətlərin siyasi və hüquqi əsaslarının formalaşdırılması kimi də dəyərləndirilə bilər.
"Dünən Bakıda təşkil olunan birgə biznes forum da onu göstərir ki, münasibətlər təkcə dövlət qurumları səviyyəsində deyil, həm də özəl sektor arasında inkişaf etdirilir. Bu, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsi, qarşılıqlı investisiyaların təşviqi və istehsal olunan məhsulların hər iki bazara çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, azərbaycanlı tələbələrin Latviyada təhsil alması imkanlarının genişləndirilməsi və hər iki ölkə vətəndaşları üçün vizasız gediş-gəlişin tətbiqi münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova