Son günlər Kür çayında suyun səviyyəsinin artması ilə bağlı yayılan məlumatlar artıq ümumi narahatlıq mərhələsini keçərək konkret risk xəritəsini ortaya qoyur. Sosial mediada sakinlərin paylaşdığı görüntülər və əvvəlki illərin təcrübəsi göstərir ki, təhlükə əsasən çayın orta və aşağı axınında yerləşən rayonlarda cəmlənir. Bu isə minlərlə insanın və geniş kənd təsərrüfatı sahələrinin potensial risk altında olduğunu deməyə əsas verir.
Hazırda ən həssas zonalardan biri Zərdab rayonudur. Kürün orta axınında yerləşən bu ərazidə suyun səviyyəsinin yüksəlməsi ilk təsirləri məhz burada göstərir. Çaykənarı kəndlərdə torpağın suya doyması, bəzi yerlərdə isə sızmaların yaranması ehtimalı artır. Xüsusilə aşağı relyefli sahələrdə yerləşən yaşayış məntəqələri risk altındadır. İlkin hesablamalara görə, Zərdabda təxminən 10–15 min nəfər əhali daşqın təhlükəsi ilə üzləşə bilər. Hazırda risk daha çox lokal xarakter daşısa da, suyun səviyyəsi artarsa, vəziyyət qısa müddətdə dəyişə bilər.
Salyan rayonunda isə vəziyyət daha həssasdır. Kürün aşağı axınında yerləşdiyinə görə suyun yığılması və təzyiqin artması burada daha tez hiss olunur. Çayın sahilində yerləşən kəndlərdə suyun bəndlərə yaxınlaşdığı, bəzi yerlərdə sahil eroziyasının gücləndiyi qeyd edilir. Bu ərazilərdə 35–40 min nəfər birbaşa risk altındadır.
Sabirabad rayonu da kritik nöqtələrdən biri hesab edilir. Kür və Araz çaylarının yaxınlığı ərazidə hidrologiyanı daha mürəkkəb edir. Bu rayonda təxminən 50 min nəfərə yaxın əhali potensial təhlükə zonasında yaşayır.
Saatlı rayonunda risk nisbətən aşağı səviyyədə olsa da, tam aradan qalxmış sayılmır. Çaya yaxın kəndlərdə, xüsusilə aşağı sahələrdə yeraltı suların qalxması müşahidə oluna bilər. Burada 20–25 min nəfərlik əhali qrupu potensial təsir zonasına daxildir.
Neftçala rayonunda isə risk fərqli faktorlarla bağlıdır. Çayın Xəzərə yaxın hissəsində yerləşdiyinə görə külək və geri təzyiq suyun səviyyəsinə təsir göstərir. Bu ərazidə 15–20 min nəfər təhlükə ehtimalı olan zonada yaşayır.
Ümumilikdə Kür çayı boyunca orta və aşağı axın rayonlarında 120–150 min nəfər əhali daşqın riski ilə birbaşa və ya dolayı şəkildə üzləşə bilər. Bu rəqəmlərə yalnız yaşayış məntəqələri daxildir; əkin sahələri, maldarlıq təsərrüfatları və infrastruktur obyektləri də nəzərə alınarsa, mümkün ziyanın miqyası daha böyükdür.
Bu gün Kür boyunca yaranan mənzərə təkcə təbii proses deyil, həm də hazırlıq səviyyəsinin sınağıdır. Əsas məsələ artıq təhlükənin olub-olmaması deyil, onun hansı ərazilərə ilk zərbəni vuracağı və bu zərbəyə nə dərəcədə hazır olunduğudur.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, ekoloq Ənvər Əliyev Kür çayı hövzəsində son dövrlərdə müşahidə olunan daşqın risklərinin artmasını əsasən iqlimin təbii dövri dəyişiklikləri ilə izah edib. O, Xəzər dənizinin səviyyəsində müşahidə edilən dəyişiklikləri misal gətirərək deyib ki, hər 30–40 ildən bir müşahidə olunan tərəddüdlər, regionda yağıntı rejiminin dəyişməsi ilə birbaşa əlaqəlidir. Bu dəyişikliklər nəticəsində yağıntıların ya kəskin azalması, ya da əksinə, nəzərəçarpacaq dərəcədə artması baş verir.

Ə.Əliyev bildirib ki, 1990-cı illərdən etibarən bölgədə daha çox quraq dövr müşahidə olunurdu: “Uzun illər yağıntı miqdarı aşağı idi və biz quraqlıq mərhələsində idik. Hazırda isə bunun əksi müşahidə olunur. Bir sıra ərazilərdə yağıntıların miqdarı 30–40 faizə qədər artıb.”
Ekspert bu dəyişiklikləri əsasən qərb küləkləri və Atlantik okeanından gələn rütubətli hava axınları ilə əlaqələndirir. Onun sözlərinə görə, bu hava kütlələri Aralıq dənizi hövzəsi boyunca hərəkət edir və Qafqaz regionuna, o cümlədən Azərbaycana daxil olur. Nəticədə bəzi bölgələrdə illik normadan xeyli artıq yağıntı qeydə alınır.
Ə. Əliyev vurğulayıb ki, hazırda həm Qafqazın cənub, həm də şimal-şərq hissəsi aktiv yağıntı zonasına düşüb: “Bu, tamamilə yeni hadisə deyil. 40–50 il əvvəl də oxşar proseslər baş verib. Sadəcə, dövri xarakter daşıyır.”
Onun açıqlamasına görə, Azərbaycanın çay sistemində su ehtiyatlarının təxminən üçdə biri daxili mənbələrdən formalaşır, qalan hissə isə kənar hövzələrdən gələn suların payına düşür. Bu səbəbdən Kür və Araz kimi transsərhəd çaylar yağıntı rejimindəki dəyişikliklərə daha həssasdır.
“Hazırda Kür və Araz çaylarının su səviyyəsinin artmasının əsas səbəbi də məhz həmin rütubətli hava axınlarıdır. Su anbarları bu axını tənzimləməyə çalışsa da, bəzi hallarda daxil olan su həcmi onların tutumunu aşır və artıq suyun buraxılması məcburiyyətə çevrilir,” – deyə o qeyd edib.
Ekoloqun fikrincə, hazırkı vəziyyətdə daşqın riski tam aradan qalxmayıb. Ən həssas ərazilər kimi xüsusilə Salyan və Neftçala rayonları göstərilir. Bu zonalarda ümumilikdə 150–200 min nəfərə yaxın əhali potensial risk altında qala bilər.
Ə.Əliyev əlavə edib ki, daşqınların fəsadları əsasən həyətyanı sahələrdə və kənd təsərrüfatı torpaqlarında özünü göstərə bilər. Bununla belə, vəziyyətin inkişafı tamamilə yağıntıların gələcək dinamikasından asılıdır: “Hazırda kifayət qədər yağıntı düşüb. Amma prosesin necə davam edəcəyi hələ tam aydın deyil. Yağıntılar azala da bilər.”
O, aidiyyəti qurumların preventiv tədbirlər görməsinin vacibliyini də vurğulayıb və qeyd edib ki, düzgün idarəetmə nəticəsində əhaliyə dəyəcək ziyan minimuma endirilə bilər.