AZ

Azərbaycan Latviya: münasibətlərin davamlı inkişafı üçün geniş potensial mövcuddur

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 22-də Azərbaycan və Latviya prezidentləri arasında Bakıda keçirilən görüş və mətbuata verilən bəyanatlar iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində aparılan geniş müzakirələr, imzalanan sənədlər və təşkil olunan biznes-forum əlaqələrin inkişafı üçün real və praktik zəmin formalaşdırır. Bu görüş həm də siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilir.

Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bu sənəd, eyni zamanda tərəflər arasında uzunmüddətli və dayanıqlı əlaqələrin qurulmasına zəmanət verir. Son illərdə bu hüquqi baza əsasında siyasi dialoq daha intensiv xarakter alıb, qarşılıqlı etimad möhkəmlənib və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə yüksəlib.

Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli gündəliklə yanaşı, qlobal və regional proseslər də ətraflı müzakirə olunub. Bu isə tərəflərin beynəlxalq məsələlərdə oxşar yanaşmalar sərgilədiyini və bir-birini tamamlayan mövqelərdən çıxış etdiyini göstərir. Belə yanaşma gələcəkdə birgə təşəbbüslərin artmasına və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsinə xidmət edir.

Görüş zamanı iqtisadi əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mühüm platforma rolunu oynayıb. Bu iclasda irəli sürülən təşəbbüslər, xüsusilə azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr iqtisadi tərəfdaşlığın perspektivlərini daha da genişləndirir.

Bakıda təşkil olunan biznes-forum isə iqtisadi əlaqələrin nəzəri müzakirədən praktik əməkdaşlığa keçidini sürətləndirən əsas mexanizm kimi çıxış edir. Forum çərçivəsində hər iki tərəfin işgüzar dairələrinin geniş təmsil olunması qarşılıqlı marağın yüksək olduğunu göstərir. Burada qurulan əlaqələr, imzalanması gözlənilən müqavilələr və planlaşdırılan birgə layihələr gələcəkdə ticarət dövriyyəsinin artmasına, investisiya axınının genişlənməsinə və sənaye əməkdaşlığının inkişafına ciddi təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasına çox böyük potensialın növbəti təzahürüdür. İnvestisiya mühitinin daha şəffaf şəkildə təqdim olunması və birgə fəaliyyət mexanizmlərinin qurulması iqtisadi tərəfdaşlığın davamlılığını təmin edən əsas amillərdir.

Müzakirə olunan mühüm istiqamətlərdən biri də nəqliyyat və aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Xüsusilə birbaşa uçuşların təşkili məsələsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Müasir dövrdə qlobal aviasiya sektorunda müəyyən çətinliklərin mövcud olmasına baxmayaraq, bu sahədə yeni imkanların yaranması əməkdaşlığın genişlənməsinə şərait yaradır. Birbaşa uçuşlar sərnişin daşımalarını asanlaşdırmaqla, eyni zamanda turizm sektorunun inkişafına, biznes əlaqələrinin intensivləşməsinə və humanitar mübadilənin genişlənməsinə də mühüm töhfə verəcək. Bu istiqamətdə atılacaq addımlar iki dövlət arasında əlaqələrin daha operativ və səmərəli qurulmasına imkan yaradacaqdır. Prezident İlham Əliyev bəyanatında qeyd etmişdir: “Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır”.

İkitərəfli münasibətlərin mühüm vasitələrindən biri də humanitar sahədə əməkdaşlıqdır. Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması bu sahədə əlaqələrin artıq konkret nəticələr verdiyini göstərir. Bu fakt yalnız təhsil əməkdaşlığının göstəricisi deyil, həmçinin gələcək əməkdaşlıq üçün insan resurslarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının artırılması və birgə elmi layihələrin həyata keçirilməsi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı möhkəmləndirəcək. Eyni zamanda, mədəni əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin artması və sosial-humanitar layihələrin reallaşdırılması münasibətlərin cəmiyyətlərarası səviyyədə dərinləşməsinə xidmət edir.

Görüş zamanı regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda baş verən proseslər də diqqət mərkəzində olub. Bu kontekstdə vurğulanan əsas məqam siyasi iradənin və strateji baxışın roludur. Bu, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və digər münaqişə zonaları üçün praktik nümunə kimi çıxış edə bilər.

İkitərəfli münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər xüsusi rol oynayır. Uzun illər ərzində formalaşan qarşılıqlı etimad və səmimi münasibətlər siyasi dialoqun daha nəticəyönümlü olmasına şərait yaradır.

Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycan–Latviya münasibətləri möhkəm təməl üzərində qurulub və geniş inkişaf potensialına malikdir. Siyasi dialoqun yüksək səviyyədə olması, iqtisadi əməkdaşlıq üçün real imkanların mövcudluğu, humanitar əlaqələrin genişlənməsi və regional məsələlərdə ortaq mövqe bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.

Bədəl Bələlov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
sesqazeti.az

3Mənbələr