AZ

Gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yaşanılabilən Bakı” qrant layihəsi çərçivəsində universitetin tələbələri arasında təşkil ediləcək müsabiqə ilə bağlı görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

AzMİU-nun prorektoru Orxan Naqdiyev universitetin Memarlıq, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən formalaşdırılmış 6 komanda üzrə ümumilikdə 36 tələbənin müsabiqədə iştirak edəcəyini söyləyib. Prorektor vurğulayıb ki, tələbələrin innovativ ideyalarının reallaşdırılması və peşəkar inkişafı üçün universitetin müəllim heyəti mentor qismində onlara dəstək göstərəcək.

İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov “Yaşanılabilən Bakı” layihəsinin məqsəd və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, layihə Bakı şəhərinin daha dayanıqlı, ekoloji cəhətdən sağlam, rahat və insan mərkəzli şəhər məkanı kimi inkişafına xidmət edir. Təşəbbüs çərçivəsində şəhər mühitinin yaxşılaşdırılması, su hövzələrinin bərpası, ictimai məkanların yenilənməsi, ekoloji dayanıqlılığın artırılması və müasir şəhər idarəetmə yanaşmalarının tətbiqi nəzərdə tutulur. Nazirin müşaviri müsabiqənin əsas məqsədinin cəmiyyətdə ekoloji layihələrin əhəmiyyətini vurğulamaq, tələbələrin yaradıcılıq potensialından istifadə etmək və onların layihəyə töhfə verməsi üçün əlverişli imkan yaratmaqdan ibarət olduğunu qeyd edib. Gənclərin baxışlarının layihəyə inteqrasiyasının həm ekoloji həllərin keyfiyyətinin artırılması, həm də gələcək mütəxəssislərin bu prosesə fəal cəlb olunmasında mühüm rol oynayacağı vurğulanıb. Qeyd olunub ki, müsabiqənin təşkili təşəbbüsü Ümumdünya Şəhərsalma Forumu 13-ün dayanıqlı şəhərlər və hər kəs üçün yaşayış məkanları ideyalarına tam uyğun gəlir.

Onlayn formatda tədbirə qoşulan Dünya Bankının şəhər yerləri üzrə baş mütəxəssisi Aksel Baumler müasir şəhərlərin inkişafının yalnız infrastruktur layihələri ilə deyil, insan ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş planlaşdırma ilə mümkünlüyünü qeyd edib. O, müsabiqə çərçivəsində seçilmiş ərazilərlə bağlı məlumat verərək, ərazilərlə yerində tanış olmaq məqsədilə Xocasən gölünə və Buzov-Maştağada yerləşən neftlə çirklənmiş ərazilərə sahə səfərlərini təşkil ediləcəyini bildirib.

AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova bildirib ki, Ümumdünya Şəhərsalma Forumu 13 ərəfəsində icra olunan bu müsabiqə ölkədə elan edilmiş “Memarlıq və Şəhərsalma İli”nin məqsədlərinə mühüm töhfə verir. O qeyd edib ki, müsabiqənin tələbələrin praktik biliklərinin artırılması, urban problemlərə yaradıcı yanaşmanın formalaşması və gələcək memarların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

“UN-Habitat”in Prorqam meneceri Runze Vanq qeyd edib ki, universitetlərlə əməkdaşlıq dayanıqlı şəhər inkişafı siyasətinin vacib hissəsidir. O vurğulayıb ki, gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır.

Görüş çərçivəsində iştirakçılar müsabiqənin şərtləri, planlaşdırılan qrafiki, tələbə komandalarının fəaliyyəti, beynəlxalq ekspert dəstəyi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Sonda bildirilib ki, “Yaşanılabilən Bakı” layihəsi və layihə çərçivəsində təşkil edilən müsabiqə yalnız paytaxtın şəhər inkişafına deyil, eyni zamanda, Azərbaycanda yeni nəsil şəhərsalma düşüncəsinin formalaşmasına, gənc mütəxəssislərin yetişməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr