AZ

Bakı-Riqa münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

“Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri, burada keçirilən görüşlər və səfər çərçivəsində verilən mesajlar Azərbaycan–Latviya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Əgər əvvəlki illərdə tərəfdaşlıq daha çox siyasi və diplomatik çərçivədə qiymətləndirilirdisə, hazırkı mərhələdə bu münasibətlər artıq konkret iqtisadi nəticələr və institusional əməkdaşlıq üzərində qurulur”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Mahir Süleymanlı deyib.

O bildirib ki, Azərbaycan ilə Latviya arasında münasibətlərin əsasını təşkil edən Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələrin institusional çərçivəsini formalaşdırıb: “Bu sənəd yalnız siyasi dialoqun davamlılığını təmin etməklə kifayətlənmir, eyni zamanda iqtisadi və humanitar əməkdaşlıq üçün uzunmüddətli zəmin yaradır. Bu səfər göstərir ki, ikitərəfli əlaəqlər situativ deyil, sistemlidir; tərəfdaşlıq fərdi təşəbbüslərdən asılı olmayaraq davamlı inkişaf potensialına malikdir.  Bu isə xüsusilə dəyişkən beynəlxalq mühitdə sabit tərəfdaşlıq modeli kimi qiymətləndirilə bilər.

Səfər zamanı keçirilən görüşlərin əsas ağırlıq mərkəzlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum bu istiqamətdə konkret mexanizmlərin formalaşdırıldığını göstərir.
Burada diqqət çəkən əsas məqam odur ki, tərəflər artıq ümumi bəyanatlardan konkret layihələr mərhələsinə keçid edir. Bu isə qarşılıqlı investisiyaların artması, birgə istehsal sahələrinin yaradılması, ticarət dövriyyəsinin genişlənməsi kimi real iqtisadi nəticələr vəd edir. Xüsusilə biznes-forumun keçirilməsi dövlət səviyyəsində siyasi iradənin biznes mühiti ilə uzlaşdırıldığını göstərir ki, bu da uğurlu iqtisadi əməkdaşlığın əsas şərtlərindən biridir.
Birbaşa hava əlaqələrinin yaradılması məsələsi səfərin strateji elementlərindən biri kimi çıxış edir. Bu təşəbbüs yalnız nəqliyyat məsələsi deyil, daha geniş geoiqtisadi çərçivədə qiymətləndirilməlidir.

Birbaşa uçuşların açılması biznes əlaqələrinin intensivliyini artırır, turizm axınını stimullaşdırır, humanitar və akademik mübadiləni sürətləndirir.  Eyni zamanda, bu addım Azərbaycanı Baltik regionu ilə daha sıx bağlayan nəqliyyat körpüsü rolunu gücləndirə bilər.
Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı humanitar əməkdaşlığın real nəticələrini göstərən əsas indikatorlardan biridir. Bu, yalnız təhsil mübadiləsi deyil, eyni zamanda gələcəkdə iki ölkə arasında əlaqələri daşıyacaq insan kapitalının formalaşdırılması deməkdir. Humanitar əməkdaşlıq isə siyasi münasibətlərin sosial bazasını gücləndirir, qarşılıqlı etimadı dərinləşdirir, uzunmüddətli strateji tərəfdaşlığın davamlılığını təmin edir”.

Deputat onu da əlavə edib ki,  görüşlərdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi Azərbaycan və Latviyanın beynəlxalq münasibətlər sistemində oxşar yanaşmalar nümayiş etdirdiyini göstərir: “Xüsusilə münaqişələrin siyasi yollarla həlli ilə bağlı vurğular iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyini təsdiqləyir. Bu isə tərəflər arasında yalnız ikitərəfli deyil, həm də çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarını genişləndirir.

Latviya Prezidentinin Azərbaycana səfəri göstərir ki, ikitərəfli münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə – praktik əməkdaşlıq və konkret nəticələr mərhələsinə daxil olub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Latviya münasibətləri yalnız regional deyil, daha geniş geosiyasi və geoiqtisadi kontekstdə də artan əhəmiyyətə malik strateji tərəfdaşlıq modelinə çevrilməkdədir”.

Mürtəza

Seçilən
26
olke.az

1Mənbələr