AZ

Maksimal nəticə göstərən şagirdlərin sayında tədricən artım qeydə alınacaq

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"9 və 11-ci siniflərin buraxılış imtahanlarında maksimal nəticə göstərən abituriyentlərin sayındakı azalma birbaşa imtahan qaydaları və formatının dəyişməsi ilə bağlıdır. Məlum olduğu kimi, mövcud qaydalar 2019-cu ildən etibarən yenilənib və artıq müəyyən müddətdir ki, buraxılış imtahanları məhz bu yeni model əsasında keçirilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi.

"İmtahan prosesində, xüsusilə 9-cu siniflərin formatında istər ingilis dili, istərsə də digər fənlər üzrə müəyyən yeniliklərin tətbiq edilməsi istənilən halda abituriyentlərin nəticələrinə öz təsirini göstərir. Lakin ümumi imtahan göstəricilərini yalnız maksimal bal toplayanların sayı ilə ölçmək düzgün olmazdı. Burada əsas diqqət iştirakçıların hansı hissəsinin median göstəricidən yəni 300 mümkün balın yarısı olan 150 baldan yüksək nəticə əldə etməsinə yönəlməlidir. Məsələn, 130 min iştirakçıdan cəmi 30 mini 150 baldan yuxarı, yerdə qalan 100 mini isə 0-150 bal arası nəticə göstəribsə, bu, o qədər də qənaətbəxş hesab oluna bilməz. Əksinə, iştirakçıların ən azı 40-50%-i (təxminən 60-65 min nəfər) 150 bal həddini keçirsə, bu artıq imtahan nəticələrinin yüksək olması deməkdir", - deyə o qeyd etdi.

Müsahibimizin fikrincə, maksimal bal toplamaq həm də yüksək məsuliyyət və diqqət məsələsidir.

"Şans amilinə çox üstünlük verməsək də, abituriyentlərin hazırlıq prosesinə nə dərəcədə məsuliyyətlə yanaşması və imtahan zamanı nümayiş etdirdikləri diqqət onların maksimal nəticə əldə etmək imkanlarını birbaşa müəyyən edir. Əgər növbəti illərdə imtahan formatında köklü dəyişikliklər baş verməzsə və proses bu şəkildə davam edərsə, abituriyentlərin mövcud modelə tam uyğunlaşacağını gözləyirik. Belə olan halda, maksimal nəticə göstərən şagirdlərin sayında tədricən artım qeydə alınacaqdır. Bu, zamanla baş verəcək bir prosesdir və sabit imtahan formatı şəraitində özünü mütləq büruzə verəcəkdir", - deyə Elçin Əfəndi bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
redaktor.az

2Mənbələr