AZ

Rəqəmsal asılılıq uşaqlarda davranış pozuntusuna səbəb olur

Rəqəmsal asılılıq uşaqlarda davranış pozuntusuna səbəb olur.

Anadolu Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin Rəqəmsal Asılılıqla Mübarizə Dərnəyinin rəhbəri, professor Tuncay Dilci açıqlamasında söyləyib.

Professorun sözlərinə görə, sosial izolyasiya və həddindən artıq texnologiya istifadəsi uşaqların psixologiyasına ciddi ziyan vurur: “Sosial mediadakı qısa videolar və görünməyən alqoritmlər uşaqların özünü dərk etmə hissini zəiflədir. Bu proses uşaqları rəqəmsal dünyaya tabe olan bir fərdə çevirir. Uşaqların ətraf aləmlə təmas qura bilməməsi daxili gərginlik yaradır. Bu gərginlik zamanla müəyyən problemlərə yol açır. Belə ki, ətrafı ilə ünsiyyətin kəsilməsi daxili partlayışa səbəb olur. Şiddət tərkibli oyunlar və videolar uşaqlarda həm özünə, həm də ətrafdakılara zərər vermə meylini artırır. Subliminal (şüuraltı) mesajlar uşağın xarakterini mənfi yöndə dəyişir”.

T.Dilci qeyd edib ki, zorakılıq ehtiva edən proqramlar şiddəti adiləşdirir. Bunun qarşısını almaq üçün məktəb psixoloqları ilə yanaşı, bütün müəllimlər də uşaqların davranışlarını izləməli və vaxtında müdaxilə etməlidir. 

“Bundan başqa, uşaqlar saatlarla ekran qarşısında qalmamalıdır. Valideynlər uşaqlarının hansı məzmunlu videolara baxdığını mütləq təqib etməlidir. Uşaqların özünə qapanmasına icazə verilməməli, onların insanlarla ünsiyyəti stimullaşdırılmalıdır”, - deyə professor əlavə edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr