Bu gün paytaxtımızda II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti-Logistika Forumu keçirilir. Forumda enerji sektorunun aparıcı şirkətləri və regional nəqliyyat infrastrukturu üzrə qurumlar iştirak edir. Tədbirdə SOCAR, “Petronas”, “KMG Kashagan”, “Pakistan Railways”, “Black Sea Terminal” və digər nüfuzlu təşkilatlar təmsil olunurlar.
Forumun əsas mövzularından biri Xəzər dənizi limanlarının və dəmir yolu şəbəkələrinin neft və neft məhsullarının artan ticarət həcmlərini qarşılamaq üçün gücləndirilməsi məsələsidir. İştirakçılar həmçinin dəyişən geosiyasi şəraitdə sərhədlərarası enerji ticarətinin mürəkkəb maliyyə və hüquqi mexanizmlərinin idarə olunması yollarını müzakirə edirlər.
Tədbirdə diqqət çəkilən digər mühüm mövzu isə regional əməliyyatların beynəlxalq keyfiyyət və ekoloji standartlara uyğunlaşdırılmasıdır. Bu, uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək və enerji ticarətində davamlı inkişafı dəstəkləmək baxımından strateji əhəmiyyət kəsb edir.
Forum çərçivəsində iştirakçılar, həmçinin Xəzər regionunda enerji infrastrukturunun modernləşdirilməsi, sərhədlərarası nəqliyyat-logistika əlaqələrinin optimallaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi aparırlar. Tədbir enerji sektorunun gələcək perspektivlərini qiymətləndirmək və regionun beynəlxalq enerji bazarında rolunu daha da gücləndirmək üçün əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”