AZ

Son Zəng : Ali bayramdan ehtiyatlı vidaya doğru

ain.az, Bizimyol saytına istinadən bildirir.

Yaddaşımızı bir az qurdalasaq, köhnə "Son zəng"ləri xatırlayarıq. Məktəbin həyətindəki o səmimi qarmaqarışıqlıq, ağ köynəklərə yazılan arzular, sinif yoldaşlarının bir-birinə verdiyi o saf vədlər... O zaman bu gün həyatda bir dəfə yaşanan ən böyük hadisə kimi qəbul edilirdi. İndi isə qarşımızda 13 iyun 2026-cı il üçün hazırlanmış, hər saniyəsi ölçülüb-biçilmiş, rəsmi möhürlə təsdiqlənmiş bir ssenari var.

Yeni təlimatlarda ən diqqətçəkən məqamlardan biri "bayağı musiqilərin" qadağan edilməsidir. Bu, əslində cəmiyyətimizdə uzun müddətdir müzakirə olunan bir yaradır. Məktəbin o müqəddəs divarları arasında səslənən musiqi məktəbin ruhunu əks etdirməlidir. Tədbirin Dövlət Himni ilə başlaması, şəhidlərimizin yad edilməsi və milli-mənəvi dəyərlərə köklənməsi, bu günü sadəcə "əyləncə" formatından çıxarıb, dövlətçilik və hörmət müstəvisinə daşıyır.

Mətnin ruhunda bir "qorxu" sezirik: Direktorun məsuliyyəti, polisin asayişi qoruması, neqativ hadisələrin qarşısının alınması... Bəs nə vaxtdan bəri bir bayram tədbiri potensial "təhlükə mənbəyi"nə çevrildi? Təəssüf ki, son illərdə şagirdlərin məktəbdən kənarda keçirdiyi nəzarətsiz "banketlər", maşın karvanları və bəzən faciə ilə bitən qəzalar bu qorxunu reallaşdırdı. Bu gün məktəb rəhbərliyi də, valideyn də bayramın bitməsini deyil, günün hadisəsiz başa çatmasını gözləyir.

Təlimatın ən təqdirəlayiq hissələrindən biri hədiyyə və gül dəstələrinin qadağan edilməsi, masalarda yalnız suyun olmasıdır. Bu, məktəb mühitində illərdir kök salmış "görüntü" və "israfçılıq" mədəniyyətinə qarşı atılmış ciddi bir addımdır. Bayramın mahiyyəti şagirdin gələcəyə uğurlanmasıdırsa, bədəli bahalı hədiyyələr yox, səmimi bir "yolun açıq olsun" duası olmalıdır.

Tədbirin ən geci 2 saat ərzində bitməsi tələbi bizə deyir ki, "hər şey vaxtında və qədərində gözəldir". Uzun-uzadı çıxışlar, yorucu nitqlər şagirdlərin o anki duyğularını kölgədə qoymamalıdır. Məzun formasında, səliqəli və intizamlı bir şəkildə sonuncu dəfə o həyətdə durmaq, əslində gələcək həyatın ciddiliyinə bir hazırlıqdır.

Bəli, "Son zəng" artıq o köhnə, bir az nizamsız, amma hədsiz səmimi gün deyil. O, artıq rəsmi bir prosedurdur. Amma bu rəsmiliyin içində bir məqsəd var: Şagirdi təhlükədən qorumaq, məktəbin nüfuzunu qorumaq və bu günü ləyaqətlə başa vurmaq.

Valideynlərin və müəllimlərin yaşadığı o "qorxu" hissini yenmək üçün yeganə yol isə qaydalara tabe olmaq yox, o qaydaların içindəki insan amilini sevgini və qarşılıqlı hörməti itirməməkdir. Qoy 13 iyun sadəcə təqvimi dəyişən bir gün deyil, hər bir məzunun yaddaşında "ən təmiz xatirə" kimi qalsın.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
icma.az

1Mənbələr