AZ

“Sony Ace” idmançıları məğlub edir

“Sony” şirkətinin süni intellekt mütəxəssisləri tərəfindən ərsəyə gətirilən yeni nəsil ping-pong robotu artıq peşəkar idmançılar üçün ciddi rəqibə çevrilib. “Ace” adlı bu texnoloji möcüzə rəsmi qaydalar çərçivəsində keçirilən görüşlərdə yüksək reytinqli oyunçuları məğlub etməyi bacarır.

Robotun bu uğurunun arxasında mürəkkəb mühəndislik həlləri dayanır. “Ace”in 8 oynaqlı mexaniki qolu raketkanı həm hüdudsuz manevr qabiliyyəti ilə idarə edir, həm də sarsıdıcı zərbələr endirməyə imkan verir. Bu struktur robotun eyni vaxtda həm keçilməz müdafiə qurmasına, həm də kəskin hücumlar etməsinə şərait yaradır.

Sistemin "beyni" qədər "gözləri" də heyrətamizdir. Cihaz 12 yüksək sürətli kamera ilə təchiz olunub. 9 kamera topun məkandakı 3D koordinatlarını anlıq izləyir, 3 kamera isə topun fırlanma istiqamətini və sürətini analiz edir. Süni intellekt bu datanı saniyənin mində biri qədər müddətdə emal edərək topun trayektoriyasını öncədən proqnozlaşdırır.

2025-ci ilin aprelində keçirilən sınaqlarda robot 10 ildən artıq təcrübəsi olan elit oyunçularla qarşılaşmalarda 5 oyundan 3-nü qələbə ilə başa vurub. Hətta ən yüksək liqa təmsilçiləri ilə oyunlarda əvvəlcə çətinlik çəksə də, 2025-ci ilin sonuna doğru onlara qarşı da üstünlük qazanmağa başlayıb.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
66
azerbaijan-news.az

1Mənbələr