AZ

BMT: İrandakı müharibə 30 milyondan çox insanı yoxsulluğa sürükləyir...

BMT rəsmisi xəbərdarlıq edib ki, enerji bahalaşması, gübrə tədarükündəki böhran və ərzaq təhlükəsizliyinin pozulması yaxın aylarda humanitar vəziyyəti daha da ağırlaşdıracaq…

İrandakı müharibə 30 milyondan çox insanı yenidən yoxsulluğa sürükləyir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Məlumata görə, BMT İnkişaf Proqramının inzibatçısı Aleksandr De Kroo bildirib ki, müharibə enerji daşıyıcılarının qiymətinin artmasına, enerji çatışmazlığına və gübrə tədarükünə ciddi zərbə vurulması səbəbindən ərzaq təhlükəsizliyinin kəskin pisləşməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bu proses milyonlarla insanın sosial vəziyyətini daha da ağırlaşdırır.

Aleksandr De Kroo qeyd edib ki, müharibə hətta sabah dayansa belə, bunun nəticələri yenə də təxminən 32 milyon insanı yoxsulluğa məhkum edəcək. O vurğulayıb ki, hazırkı böhran təkcə birbaşa hərbi nəticələrlə məhdudlaşmır, həm də ərzaq sistemlərinə uzunmüddətli zərbə vurur.

BMT rəsmisinin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, kənd təsərrüfatında müəyyən dövrləri sonradan bərpa etmək mümkün olmur. Hazırda əkin mövsümünün getdiyini bildirən De Kroo deyib ki, fermerlər bu mərhələdə gübrəyə çıxış əldə edə bilməsələr, sentyabr, oktyabr və noyabr aylarında məhsuldarlıq xeyli aşağı olacaq. Bu isə gələcək aylarda ərzaq çatışmazlığını daha da dərinləşdirəcək.

O əlavə edib ki, məhz buna görə bir neçə aydan sonra ərzaq təhlükəsizliyi böhranı pik həddə çatacaq və həmin mərhələdə vəziyyəti düzəltmək üçün imkanlar çox məhdud olacaq. BMT bu prosesin xüsusilə həssas əhali qrupları üçün ağır sosial nəticələr doğuracağını istisna etmir.

Beləliklə, beynəlxalq qurumlar xəbərdarlıq edir ki, İrandakı müharibənin təsirləri yalnız bugünkü hərbi-siyasi vəziyyətlə ölçülmür, eyni zamanda yaxın aylarda qlobal humanitar və ərzaq təhlükəsizliyi böhranını daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
82
poliqon.info

1Mənbələr