AZ

İran rəhbərliyindən birlik çağırışı: Ölkədə parçalanma yoxdur...

Yüksək vəzifəli rəsmilər eyni məzmunlu açıqlamalarla daxili parçalanma iddialarını təkzib edib və milli həmrəyliyi vurğulayıblar…

İran rəhbərliyi ölkədə parçalanma ilə bağlı iddialar fonunda ümumi müraciətlə çıxış edib.

Poliqon xəbər verir ki, açıqlama yüksək vəzifəli rəsmilərin sosial şəbəkə hesablarında demək olar ki, eyni vaxtda və eyni məzmunda paylaşılıb.

Müraciətdə bildirilib ki, İranda radikallar və ya mötədillər kimi bölgü yoxdur, bütün vətəndaşlar vahid milli kimlik ətrafında birləşir. Qeyd olunub ki, xalq və hökumət arasında möhkəm birlik, həmçinin ali liderə tam itaət sayəsində ölkə xarici təzyiqlərə qarşı dayanmağa qadirdir.

İran prezidenti Məsud Pezeşkian və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf tərəfindən yayımlanan bəyanatda vurğulanıb ki, bu birlik ölkəyə qarşı yönəlmiş istənilən təcavüzə cavab verməyə və qarşı tərəfi öz addımlarına görə peşman etməyə imkan verəcək.

Açıqlamada həmçinin “bir Tanrı, bir millət, bir lider və bir yol” prinsipi ön plana çəkilərək, bu yolun İranın qələbəsinə aparan yeganə istiqamət olduğu qeyd edilib. Rəsmilər bu məqsədin ölkə üçün həyatın özündən belə daha dəyərli olduğunu vurğulayıblar.

Analitiklərin fikrincə, belə koordinasiyalı müraciətlər İran daxilində siyasi elitanın vahid mövqedən çıxış etdiyini göstərmək və mümkün daxili fikir ayrılığı barədə yayılan məlumatları neytrallaşdırmaq məqsədi daşıyır. Bu cür bəyanatlar həm də xarici auditoriyaya mesaj olaraq qiymətləndirilir.

Poliqon.info

Seçilən
101
poliqon.info

1Mənbələr