AZ

Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz

“Hörmüz boğazında bu gün yaşanan olaylar qlobal iqtisadiyyata ciddi təhlükə yaradır. Bu müharibə başlayana qədər boğazdan hər gün dünyanın müxtəlif ölkələrinə satılmaq üçün 20 milyon barel neft çıxarılırdı. Doğrudur körfəz ölkələri bu neftin az bir qismini alternativ marşurutlarla bazarlara daşıya bilirlər. Lakin real olan budur ki, müharibənin davam etdiyi dövrdə dünya bazarları hər gün ən azından 15-18 milyon barel neft almaqdan məhrum olub”.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bu fikirləri Musavat.com-a, İranla bağlı yaranmış situasiya, Hörmüz boğazındakı kritik durumla bağlı danışarkən bildirdi. Ekspert beynəlxalq araşdırma mərkəzləri və maliyyə institutlarının proqnozlarına diqqət çəkdi: “Onlar bildirirlər ki, bu vəziyyət uzun müddət davam edərsə, dünya iqtisadiyyatı durğunluq dövrünə qədəm qoya bilər. Əgər dünya iqtisadiyyatında belə bir hal yaranarsa, o halda qiymətlər yüksələcək, inflyasiya sürətlə böyüyəcək ki, bu da ölkələrin hökumətləri üçün yeni bir problem demək olacaq. Çünki yüksək infiyasiya istənilən ölkədə sosial gərginliyə birbaşa aparan yoldur. Yəni insanlar belə bir vəziyyətdə Hörmüz boğazının bağlanması səbəbindən qlobal iqtisadiyyatda baş verənləri anlayıb, dəyərləndirməkdən daha çox, hökumətlərini bu duruma hazır olmamaqda qınayaraq, kütləvi narazılıq ifadə edəcəklər ki, bu da istənilən hökumət üçün arzuolunan deyil”. 

fikret_yusifov_120515.jpg

Azərbaycana gəlincə, Fikrət Yusifov qeyd etdi ki, biz də dünya iqtisadiyyatının bir parçası və ona tam inteqrasiya etmiş bir ölkəyik: “O səbəbdən, dünyanın iqtisadi müstəvisində baş verənlərin Azərbaycandan yan keçməsi mümkün deyil. Nəzərə alsaq ki, biz bir ildə orta hesabla 24 - 25 milyard ABŞ dolları həcmində məhsul idxal edirik və bu məhsulların əsas hissəsi insanların istehlakı ilə bağlıdır, o halda, Azərbaycanda da inflyasiyanın artması qaçılmaz olacaq. Gələcəkdə bu və buna bənzər hallarla üz-üzə qalmamaq və ya yarana biləcək belə halların daxili bazardakı qiymətlərə təsirlərinin yumşaldılması üçün görə biləcəyimiz və görməyə məhkum olduğumuz bir saylı iş ölkədə yerli istehsalı artırmaqdır. Bunun üçün hökumət biznes mühütin canlanmasını təmin edəcək bütün zəruri tədbirləri görməlidir”.

İran və ABŞ, həmçinin İsrail arasında atəşkəsin hökm sürməsi halında belə, Hörmüz boğazında yaşanan gərgin vəziyyətdən bəhs edən sabiq nazir bildirdi ki, boğazın uzun müddət bağlı qalması mümkün deyil: “Əgər bu gün dünya iqtisadiyyatı boğazın bağlı qalması səbəbindən itkilərlə üzləşirsə, İran üçün boğazın bağlı qalması olum-ölüm məsələsidir. Çünki İran bu boğazdan tək neft satmır, onun xarici ticarət dövriyyəsinin 80 faizə qədəri də Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Daha dəqiq desək, Hörmüz boğazının bağlanması İranın bir dövlət kimi boynuna kəndir keçirilməsi deməkdir. Bu halda İran nə qədər nəfəs alıb, davam gətirəcək ki?”

 Elşad Paşasoy,
Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr