AZ

Gənclər Kitabxanası Səməd Vurğunu yad edib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bu il XX əsr Azərbaycan ədəbiyyatının- müasir poeziyasının ideya-estetik əsaslarını müəyyənləşdirən, böyük şair, mütəfəkkir, akademik, Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir.

Bu barədə 525.az-a Gənclər Kitabxanasından məlumat verilib.

Bildirilib ki, kitabxana tərəfindən hazırlanmış "Ömür və ədəbiyyat: Səməd Vurğun irsinə baxış" adlı videomaterialda görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə təqdim olunur. Materialda şairin zəngin ədəbi irsi, dramaturji fəaliyyəti və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr ətraflı şəkildə işıqlandırılır. Eyni zamanda, onun müxtəlif illərdə layiq görüldüyü orden və medallar, mükafatlar və fəxri adlar haqqında da məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda Azərbaycanda təsis olunan "Xalq şairi" fəxri adına ilk dəfə məhz onun layiq görülməsi xüsusi vurğulanır. Vəsaitdə Ümummilli Lider Heydər Əliyevin şairin irsinə göstərdiyi diqqət və qayğıdan, Səməd Vurğunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin fotoşəkilləri və arxiv videomaterialları da izləyicilərə təqdim edilir.

Bununla yanaşı, kitabxananın rəsmi saytında "Səməd Vurğun 120" adlı elektron resursların bazası yaradılıb. Bazada internet məkanında Səməd Vurğunun həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxa bilərlər.

Aprelin 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici ekskursiya təşkil edilib.

Tədbirdə Yasamal rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Ekskursiya zamanı kitabxananın direktoru Aslan Cəfərov mütaliənin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir əsərin arxasında müəllifin böyük zəhməti dayanır və bu zəhmətə hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur.

Kitabxanaların müasir funksiyalarından bəhs edən direktor qeyd edib ki, bu gün kitabxanalar yalnız kitabların qorunduğu məkan deyil, həm də informasiya, bilik və innovasiya mərkəzləri kimi fəaliyyət göstərir. O, şagirdləri kitabxanadan fəal istifadə etməyə, mütaliəni həyatlarının ayrılmaz hissəsinə çevirməyə çağırıb.

Ekskursiya çərçivəsində şagirdlərə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib, məktəblilər kitabxananın fəaliyyəti, rəsmi saytı və son dövrlərdə süni intellekt vasitəsilə hazırlanmış innovativ materiallarla tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
525.az

2Mənbələr