AZ

BMT: Mərkəzi Asiya ölkələri dövri iqtisadiyyata keçid sahəsində əməkdaşlığı genişləndirir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

Mərkəzi Asiya ölkələri dövri iqtisadiyyata keçidi sürətləndirmək və təbii resurslara düşən yükü azaltmaq üçün regional əməkdaşlığı genişləndirir. Bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru İnger Andersen Qazaxıstanın paytaxtında keçirilən regional ekoloji sammit çərçivəsində çıxışı zamanı bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, hazırda istehlak və istehsalda tətbiq olunan, “çıxar–istehsal et–at” prinsipinə əsaslanan model davamlı deyil. Bu gün resursların çıxarılması və emalının payına qlobal istixana qazı emissiyalarının yarıdan çoxu, həmçinin havanın bərk hissəciklərlə çirklənməsinin 40 faizədək hissəsi düşür. Bundan əlavə, bu proseslər biomüxtəlifliyin genişmiqyaslı itirilməsi ilə nəticələnir.

“Əgər biz xətti model üzrə hərəkəti davam etdirsək, 2060-cı ilədək dünyada resurs hasilatı 60 faiz arta bilər”, – deyə İnger Andersen xəbərdarlıq edib. Onun sözlərinə görə, oxşar problem Mərkəzi Asiyanı da gözləyir. Proqnozlara əsasən, əsrin ortalarınadək region əhalisi 100 milyon nəfərə yaxınlaşacaq.

Belə şəraitdə dövri iqtisadiyyata keçid təkcə ekoloji deyil, həm də iqtisadi zərurətə çevrilir. Bu yanaşma təkrar istifadə, təmir, emal və məhsul və xidmətlərin daha səmərəli layihələndirilməsi hesabına tullantıların azaldılmasını nəzərdə tutur.

UNEP rəhbərinin vurğuladığına görə, dövri modellərin tətbiq edilməsi yeni bazarlar aça, iş yerləri yarada və iqtisadiyyatı gücləndirə bilər. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, belə keçid zamanı qlobal ÜDM gözlənilən səviyyədən 3 faiz daha çox arta, materiallardan istifadə isə 30 faiz azala bilər. Bununla yanaşı, istixana qazı emissiyaları 80 faizdən çox azala bilər. Beynəlxalq Əmək Təşkilatı proqnozlaşdırır ki, dövri iqtisadiyyat 2030-cu ilədək azı 7 milyon yeni iş yerinin yaradılmasına kömək edəcək.

“Bu, insanlar və planet üçün böyük qələbə olacaq”, – deyə İnger Andersen bildirib.

Mərkəzi Asiyada tullantıların idarə olunması istiqamətində artıq müəyyən addımlar atılır. Lakin İnger Andersen qeyd edib ki, bu kifayət deyil. Layihələndirmədən istehlakadək bütün mərhələlərdə tullantı yaranmasını azaltmağa imkan verəcək yeni biznes modellərinə keçid zəruridir.

Bu prosesdə hökumətlər də əsas rol oynayırlar. Səmərəli alətlər arasında vergi və maliyyə təşviqləri, dövlət satınalmaları, eləcə də istehsalçıların genişləndirilmiş məsuliyyət sistemləri göstərilir. Dövlət maliyyə institutları isə xüsusilə kiçik və orta müəssisələrə, həmçinin innovativ startaplara bazarın inkişafı üçün dəstək verə bilərlər.

Plastik istehsalı, tikinti, elektronika və kənd təsərrüfatı kimi sahələrə xüsusi diqqət ayrılması təklif olunur. Faydalı qazıntılardan səmərəli istifadə də mühüm istiqamətlərdən biri hesab edilir.

Mərkəzi Asiya zəngin mineral resurs ehtiyatlarına malikdir. Dünya manqan filizi ehtiyatlarının təxminən 39 faizi, xromun 30 faizi, qurğuşunun 20 faizi, sinkin 13 faizi və titan ehtiyatlarının 9 faizi regionun payına düşür. Bu isə enerji keçidi və xammala tələbatın artdığı şəraitdə həmin resurslardan dayanıqlı və səmərəli istifadə məsələsini xüsusilə аktual edir.

İnger Andersen bildirib ki, regional əməkdaşlıq dövri iqtisadiyyata keçidi əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Ölkələrin koordinasiya olunmuş siyasəti iqlim və ətraf mühit üzrə öhdəliklərin daha səmərəli icrasına, ekoloji turizmin inkişafına və birdəfəlik plastik istifadəsinin azalmasına təkan verəcək. O xatırladıb ki, UNEP xüsusilə də turizm sahəsində region ölkələri ilə artıq əməkdaşlıq təcrübəsinə malikdir.

O, həmçinin dövri iqtisadiyyat sahəsində regional tərəfdaşlıq platformasının yaradılması təşəbbüsünü qeyd edib. Bu mexanizm Mərkəzi Asiya ölkələrini bir araya gətirə, təcrübə, investisiya və texnologiya mübadiləsini gücləndirə bilər.

“Bu, region üçün irəliyə doğru addım atmaq və dayanıqlı inkişafı iqtisadi artım mənbəyinə çevirmək baxımından unikal imkandır”, – deyə icraçı direktor vurğulayıb.

Onun sözlərinə görə, UNEP beynəlxalq tərəfdaşlarla birlikdə bu təşəbbüslərin həyata keçirilməsində region ölkələrinə dəstək verməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
azertag.az

2Mənbələr