AZ

Saxta sənəd hazırlayaraq dələduzluq edən administratora hökm oxundu

Nərimanov Rayon Məhkəməsində dələduzluqda və saxta sənədlər hazırlamada təqsirləndirilən Razim İmranovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınıb.

 

Eyni zamanda hökmdə qeyd edilib ki, mülki cavabdeh təqsirləndirilən şəxs zərərçəkmiş Tahir Tahirova (adı, soyadı şərtidir) dəymiş zərərə görə 15 700 manat və mülki iddianın verilməsi üçün 270 manat və hüquqi xidmət üçün 345 manat ödənilmiş pul vəsaiti cavabdeh Razim İmranovda tutularaq zərərçəkmiş şəxsə ödənilsin.

 

Qeyd: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup halında dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması cinayətlərini törətməkdə təqsirləndirilir.

 

İstintaq materiallarına əsasən, Razim İmranov istintaqla şəxsiyyəti araşdırılan “Nəriman” adlı şəxs və digər şəxslərlə cinayət əlaqəsinə girərək planlı şəkildə özgə əmlakını ələ keçirmək niyyəti ilə hərəkət edib.

 

Belə ki, onlar Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən zərərçəkmiş Tahir Tahirova məxsus olan 0,06 hektar torpaq sahəsini hədəf seçiblər.

 

İttihama görə, həmin torpaq sahəsinin guya 20 000 manat müqabilində təqsirləndirilən şəxsə satılmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş saxta alqı-satqı müqaviləsi hazırlanıb. Sənəd Azərbaycan dilində tərtib olunaraq Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu adından rəsmiləşdirilmiş kimi göstərilib, hətta notariusun imzası saxtalaşdırılaraq sənədə rəsmi görünüş verilib.

 

Daha sonra bu saxta sənədlərdən istifadə edilməklə 15 sentyabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhərində yerləşən 1 saylı Ərazi İdarəsinə müraciət olunub və nəticədə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Razim İmranovun adına rəsmiləşdirilməsinə nail olunub. 21 sentyabr 2017-ci il tarixdə isə o, bu əsasla dövlət reyestrindən çıxarış əldə edib.

 

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs özünü torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi təqdim edərək həmin əmlakı üçüncü şəxslərə satmağa başlayıb. Belə ki, o, torpaq sahəsinin 0,03 hektar hissəsini 30 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 9 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla 10 300 manat müqabilində, digər 0,03 hektar hissəsini isə 15 dekabr 2017-ci il tarixdə etibarnamə əsasında 5 400 manat müqabilində sataraq ümumilikdə 15 700 manat məbləğində vəsaiti ələ keçirib.

 

Beləliklə, Razim İmranov zərərçəkmiş şəxsə məxsus torpaq sahəsini qanunsuz yolla öz adına keçirərək sonradan hissə-hissə satmaqla ona xeyli miqdarda – 15 700 manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.

 

Razim İmranov qarşı Cinayət Məcəlləsinin 178.2.1 (qrup halında dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Məhkəmə iclasında Razim İmranov özünü təqsirli bilməyərək deyib ki, o, əvvəllər restoranların birində administrator işləyib və həmin dövrdə Rusiya vətəndaşları olduğunu bildiyi “Nəriman” və onun qardaşı Tahirlə tanış olub. Onun sözlərinə görə, “Nəriman” Azərbaycanda torpaq sahəsi almaq istədiyini, lakin xarici vətəndaş olduğu üçün bunu birbaşa öz adına rəsmiləşdirə bilmədiyini deyərək ondan köməklik istəyib.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu təkliflə razılaşıb və onlarla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri idarəsinə gedərək müəyyən sənədlərə imza atıb. Lakin o, torpaq sahəsinin kimə məxsus olması və sonradan kimlərə satılması barədə məlumatlı olmadığını iddia edib.

 

Bununla yanaşı, məhkəmə istintaqı zamanı onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Həmin ifadədə Razim İmranov özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bildiyini və törətdiyi cinayət əməlini etiraf etdiyini göstərib. Lakin məhkəmə baxışı zamanı verdiyi ifadə ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyətlər olduğu müəyyən edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 24 Aprel 2026, 08:54   
Seçilən
73
pravda.az

1Mənbələr