ABŞ Prezidenti Donald Trampın xarici vətəndaşlara bir milyon dollar qarşılığında yaşayış icazəsi almağa imkan verən "Qızıl kart" ("Golden Card") viza proqramı üzrə indiyədək cəmi bir müraciət təsdiq olunub.
Hafta.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.
Nazir təsdiq almış şəxsin kimliyini açıqlamasa da, ABŞ rəsmilərinin hazırda "yüzlərlə" xarici vətəndaşın müraciətinə baxdığını qeyd edib.
Latnik izah edib ki, namizədlər son dərəcə ciddi yoxlamadan keçməli və sənədlərin rəsmiləşdirilməsi üçün 15 min dollar məbləğində rüsum ödəməlidirlər.
Xatırladaq ki, "Qızıl kart" proqramına müraciətlərin qəbuluna ötən ilin dekabrında başlanılıb. Nazir Latnik proqramın təqdimatı zamanı bildirmişdi ki, bu təşəbbüs fövqəladə qabiliyyətləri olan şəxslərə verilən "EB-1" və "EB-2" vizalarını əvəz edəcək.