AZ

Psixoloq: “Qız övladlar ailədə xoşbəxtlik hissini artırır”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bacısı olan insanlar özlərini daha xoşbəxt sanır; tənha hiss etmirlər.

Harvard Universitetindən təəccüblü və maraqlı bir kəşfdir. 85 ili və yüzlərlə ailəni əhatə edən geniş bir araşdırma göstərdi ki, kiçik və ya böyük bacıya sahib olmaq insan həyatına daha dərin təsir göstərir. Bu təsir təkcə xoş xatirələrlə bağlı deyil; tamamilə bioloji və psixoloji möcüzədir. Araşdırmanın ən diqqətçəkici nəticələrindən biri, bacısı olan insanlarda stress hormonunun (kortizol) orta səviyyədən 15-20% aşağı olmasıdır.

Niyə qardaş yox, bacının olmasını insanların xoşbəxtliyi ilə əlaqələndirirlər?

Psixoloq Vüsalə Əmiraslanova Bizimyol.info xəbər portalına bildirib ki, qız uşaqları daha çox atalarına, oğlan uşaqları isə analarına bağlı olurlar: “Əgər bu məsələyə valideyn baxışından baxsaq, əlbəttə ki, hər zaman hər iki övlad dəyərlidir. Lakin analiz etdikdə görürük ki, qız uşaqları daha çox atalarına, oğlan uşaqları isə analarına bağlı olurlar. Psixoloqlar da bunu təsdiqləyir. Ailənin gözü ilə baxsaq, hər iki övlad eyni dəyərdədir.

Sorğular göstərir ki, bəzən oğlanlar yalnız oğlanla, qızlar isə yalnız qızla yaşamaq istəyirlər. Yəni bacı özünə bacı, qardaş isə özünə qardaş istəyir. Bu ayrıca bir mövzudur.

Qızların ailədə olması isə xoşbəxtlik hissini artırır. Bunun səbəbi qızların emosional olması və beynin sağ yarımkürəsinin daha aktiv işləməsidir. Bu isə onların danışmağa meyilli olmalarını və ailədə əhval-ruhiyyəni aktivləşdirməni təmin edir.

Oğlanlarda isə aqressivlik, sərbəstlik və qaydalardan çıxma meyli daha çox olur. Araşdırmalar göstərir ki, ailədə daha çox oğlan olarsa, həm valideynlər, həm də uşaqlar arasında narahatçılıq yarana bilər”.

Vüsalə Əmiraslanova həmçinin vurğulayıb: “Bəzən deyirlər ki, oğlan uşağı olsun, onu işə buyursunlar, lakin daha çox qayğıya, zəhmətə salan oğlan uşaqları da az doğulmur. Qızlar isə ailədə daha çox diqqət və sevgi aldıqları üçün valideynlər tərəfindən daha çox dəyərli hesab olunur və onların mövcudluğu ailədə daha çox əhəmiyyətli hesab edilir.

Burada əsas məsələ oğlan uşaqlarının xarakterinin daha sərbəst və aqressiyaya meyilli olmasıdır. Qızlarla isə ünsiyyət daha mülayim və mehribandır, onlarla danışmaq daha rahatdır. Eyni zamanda həm ev işlərində kömək edir, həm də mənəvi və maddi tərəfdən dəstək göstərirlər. Bu səbəbdən valideynlərdə “xoşbəxtlik hormonu” və ya rahatlıq hissi daha çox qızlardan gəlir.

El arasında belə bir deyim var: “Oğlan uşağı başqası üçün dünyaya gətirilir, qız isə özünüz üçün”. Bu ifadə də həmin fərqi açıq şəkildə göstərir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
bizimyol.info

1Mənbələr