AZ

Sığorta sistemində yenilik: Etibarnamə versəniz, cərimə sizə gələcək

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Avtomobil sahibləri və sürücülər üçün qarşıdakı dövr mühüm dəyişikliklərlə yadda qalacaq. İcbari sığorta sahəsində tətbiq olunacaq yeni qaydalar həm maliyyə yükünə, həm də məsuliyyət bölgüsünə ciddi təsir edəcək. Bir çox sürücü bu yeniliklərdən hələ də tam xəbərdar deyil və bu da gələcəkdə problemlərə səbəb ola bilər. Xüsusilə etibarnamə, qəza halları və sığorta ödənişləri ilə bağlı dəyişikliklər diqqət tələb edir. Yeni sistem sürücülərin davranışına birbaşa təsir edəcək mexanizmlər üzərində qurulub. Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov Demokrat.az-a bildirib ki, 21 iyundan etibarən icbari sığorta haqqında qanuna yeni qaydaların tətbiqinə başlanılır və bu dəyişikliklər sığorta sistemində köklü yeniliklər yaradacaq:"Sonradan “bilmirdim, xəbərim yox idi” kimi bəhanələr heç bir nəticə verməyəcək.. Son günlər mənə daxil olan müraciətlər göstərir ki, vətəndaşların böyük əksəriyyəti bu dəyişikliklərdən xəbərsizdir.

Ümumilikdə 5 əsas dəyişiklik var və hər biri mühüm əhəmiyyət daşıyır.

Birinci dəyişikliyə əsasən hadisə olmadıqda illik 5 faiz endirim tətbiq olunur, hər qəza olduqda isə sığorta haqqı 30 faiz artır. 5 faiz endirim əvvəl də mövcud idi və qüvvədə qalır. Yəni sürücü il ərzində qəza törətməzsə, növbəti il sığorta haqqı 5 faiz azalır. Yenilik isə hər qəza üçün 30 faiz əlavə artımın tətbiq olunmasıdır. Məsələn, mühərrik həcminə görə baza sığorta haqqı 100 manatdırsa, bir qəza olduqda növbəti il 130 manat, iki qəza olduqda isə 160 manat hesablanır. İkinci dəyişiklik etibarnamə ilə bağlıdır və bu, ciddi problemlər yarada bilər. Etibarnamə verilmiş sürücülər arasında ən aşağı bonus-malus əmsalı əsas götürüləcək. Yəni siz qəza törətməsəniz də, etibarnamə verdiyiniz şəxslərdən biri qəza törədərsə, həmin mənfi əmsal sizə tətbiq olunacaq. Nəticədə başqasının törətdiyi hadisəyə görə siz daha çox sığorta haqqı ödəyəcəksiniz". Ekspert bildirib ki, avtomobili satarkən mütləq öz adınıza olan icbari sığorta müqaviləsinə xitam verdirin:"Əks halda, avtomobili idarə edən şəxs qəza törədərsə, cərimə sizin üzərinizə düşəcək. Digər geniş yayılmış səhv avtomobili etibarnamə ilə satmaqdır. Ən düzgün yol alıcının avtomobili öz adına keçirməsidir. Eyni qayda alıcı üçün də keçərlidir. Başqasının adına olan sığorta ilə avtomobili idarə etməyin, əks halda baş verən hadisənin məsuliyyəti sizin üzərinizə düşə bilər. Əvvəllər sürücülər cərimədən yayınmaq üçün avtomobili başqasının adına keçirərək və ya etibarnamə verərək bonus-malus sistemindən sui-istifadə edirdilər. Yeni qaydalar bu halların qarşısını alır və sistem bütün əlaqəli şəxsləri nəzərə alır".Ekspert deyib ki, üçüncü dəyişikliyə əsasən, qəza baş verdikdə sığorta artımı artıq sığortanın sahibinə deyil, qəzanı törədən sürücüyə tətbiq olunur:"Bu müsbət yenilikdir. Lakin etibarnamə olduğu halda məsuliyyət tam aradan qalxmır. Ona görə də avtomobili kimə etibar etdiyinizə ciddi yanaşmalısınız.

Dördüncü dəyişiklik hüquqi şəxslərlə bağlıdır. Hüquqi şəxsə məxsus avtomobillə qəza baş verdikdə sığorta artımı şirkətə deyil, birbaşa sürücüyə tətbiq olunur. Bu, xüsusilə "lizinqlə" avtomobil idarə edənlər üçün əhəmiyyətlidir. Artıq bir sürücünün törətdiyi qəza digər sürücülərə təsir etməyəcək. 

Beşinci dəyişiklik taksilərlə bağlıdır. Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə 5 faiz endirim tətbiq olunmur. Bundan əlavə, onların sığortasına 1,5 əmsal tətbiq edilir ki, bu da xərclərin artmasına səbəb olur.Bu 5 dəyişikliyi nəzərə alaraq, qaydalara əməl etsəniz, gələcəkdə gözlənilməz xərclərlə qarşılaşmazsınız",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
25
demokrat.az

10Mənbələr