AZ

Politico: Orbanın məğlubiyyətindən sonra Aİ-də birlik illüziyası tamamilə yox olub

Ayya-Napada keçirilən sammitdə Avropa İttifaqı liderləri nəhayət Ukraynaya 90 milyard avro kredit ayrılması ilə bağlı uzun müddət gözlənilən razılaşmanı təsdiqləyiblər. Lakin qısa müddət sonra bu uğur hissi zəifləyib. Belə ki, Macarıstanın baş naziri Viktor Orbanın siyasi məğlubiyyətindən sonra belə, liderlər qarşılarında duran çoxsaylı problemlər və böhranlarla üzləşərək növbəti addımlar barədə razılığa gəlməyin çətin olduğunu anlayıblar...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazır.

Cənubi Kiprdə keçirilən müzakirələrdə iştirak edən diplomatın sözlərinə görə, danışıqlara qoşulan Ukrayna prezidenti Volodimir Zelenski son aylarla müqayisədə daha nikbin görünürdü.

Lakin Aİ gündəliyində növbəti məsələ – Ukraynanın birliyə qəbulunun olub-olmaması və bunun nə vaxt baş verə biləcəyi – fikir ayrılığına səbəb olub. Estoniyanın baş naziri Kristen Mixal Ukraynanın Aİ-yə üzvlüyünün "sürətləndirilməsini" dəstəklədiyini bildirsə də, Xorvatiyanın baş naziri Andrey Plenkoviç Kiyevin tezliklə birliyə qoşulması ideyasını faktiki olaraq istehza ilə qarşılayıb.

Orbanın səhnədən getməsindən sonra Ukraynanın üzvlük yolu bir qədər daha real görünsə də, bu proses hələ də kifayət qədər mürəkkəb olaraq qalır.

"Uzun illər ərzində Aİ-də hər hansı birlik var idisə, bu, Orbanla mübarizə ətrafında formalaşmışdı. Onun istefasından və son sammitdə iştirak etməməsindən sonra isə bu ümumi cəbhə illüziyası da aradan qalxdı", deyə Aİ rəsmilərindən biri bildirib.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxan liderlər artıq Orbanın mövqeyinin arxasında gizlənə bilməzlər.

Cənubi Kiprin prezidenti Nikos Xristodulidis müzakirələri blokun təhlükəsizliyi və Aİ-nin kollektiv müdafiə mexanizmi olan 42.7-ci maddənin tətbiqinə yönəltməyə çalışıb. O, bu maddənin necə işləyə biləcəyinə dair yol xəritəsini təqdim etmək niyyətində idi.

Lakin üç diplomatın sözlərinə görə, müzakirələr əsasən geosiyasət və enerji qiymətləri ətrafında cəmlənib, 42.7-ci maddə isə demək olar ki, müzakirə olunmayıb.

Belçikanın baş naziri Bart de Vever qeyd edib ki, Orbanın sərt mövqeyi olmadan vəziyyət müəyyən qədər yaxşılaşa bilər, lakin Avropada digər ölkələr də var ki, onların liderləri həmişə ümumi konsensusla razılaşmırlar.

Onun sözlərinə görə, Orban olmadan Aİ sammitlərinin nə qədər rahat keçəcəyi bir qədər şişirdilmiş qiymətləndirilir.

Aprelin 22-də Aİ-yə üzv ölkələrin səfirləri Ukrayna üçün 90 milyard avro məbləğində krediti təsdiqləyiblər. Kredit Aİ-nin kapital bazarlarından borclanması hesabına maliyyələşdiriləcək və ittifaqın büdcə ehtiyatı ilə təmin olunacaq. Eyni zamanda Ukrayna bu vəsaiti birbaşa Aİ-yə qaytarmayacaq. Kreditin Rusiyanın Ukraynaya ödəməli olduğu reparasiyalar hesabına geri qaytarılması planlaşdırılır.

Poliqon.info

Seçilən
11
50
poliqon.info

10Mənbələr