Bakı, 24 aprel, AZƏRTAC
Süni intellekt bu gün texnologiyanın, müxtəlif sahələrin inkişafında çox mühüm yer tutur. Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində ciddi hüquqi və konseptual məsələlər doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri professor Hicran Hüseynova Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.
“Xüsusilə alqoritmlər tərəfindən yaradılan məhsullarda, yəni bu məhsulun real sahibinin kim olması getdikcə daha aktual mövzuya çevrilir. Biz görürük ki, süni intellekt bir sıra yollarla əqli mülkiyyətlə kəsişir. Son zamanlar dünyada süni intellekt sahəsində ayrıca strategiyalar qəbul olunur və həyata keçirilir”, - deyə Hicran Hüseynova bildirib. O vurğulayıb ki, ötən il Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Azərbaycanda süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb.