AZ

Ədəbiyyat Muzeyinin əməkdaşları Sankt-Peterburqda muzey işinin innovasiyalarından danışıblar

Bakı, 24 aprel, AZƏRTAC

Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində hər il ənənəvi olaraq təşkil edilən “Muzey və mədəni turizmin problemləri” mövzusunda XXIV dəyirmi masa keçirilib. Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları ölkəmizi təmsil ediblər.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, hibrid formatda keçirilən tədbirə Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Böyük Britaniya, Qırğızıstan və digər ölkələrin tanınmış alimləri, muzey mütəxəssisləri qatılıblar.

Tədbirdə Ədəbiyyat Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva məruzə ilə çıxış edib. O, “Süni intellektin muzey işində tətbiqi” mövzusunda məruzəsində müasir texnologiyaların bu sahədəki rolunu vurğulayıb. Bildirib ki, süni intellektəsaslı sistemlər eksponatların rəqəmsallaşdırılmasına və muzey təcrübəsinin daha interaktiv olmasına geniş imkanlar açır. Bu texnologiyalar sayəsində muzeylər həm maarifləndirici, həm də texnoloji baxımdan daha cəlbedici məkanlara çevrilir.

Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova isə “Audiomüşayiət müasir muzey işinin əhəmiyyətli hissəsi kimi” mövzusunda fikirlərini bölüşüb. S.Heydərovanın çıxışında muzeylərin “səssiz məkan” anlayışından çıxaraq “danışan məkan”a çevrilməsi prosesi təhlil edilib. Məruzəçi qeyd edib ki, müasir ziyarətçi yalnız görmək deyil, həm də hiss etmək istəyir. Musiqili tərtibat vizual materialları tamamlayaraq ziyarətçidə daha dolğun və emosional təəssürat yaradır. O, həmçinin muzey məkanında təşkil olunan ədəbi-musiqili tədbirlərin ziyarətçi məmnuniyyətinə müsbət təsirini diqqətə çatdırıb.

Muzeyşünaslığın inkişafı və bu sahə üzrə yeniliklərin müzakirə edildiyi dəyirmi masa maraqlı məruzələrlə yadda qalıb. Tədbirin sonunda iştirakçılar üçün “Akademik incəsənətin xaricində” adlı səyyar sərgiyə baxış keçirilib.

Seçilən
42
1
azertag.az

2Mənbələr