AZ

Nərgiz Qurbanova: “Əsas problem qızların futbola çox gec başlamasıdır” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Hazırda AFFA-da heç bir vəzifədə çalışmıram. 10 ildən çox idi ki, milli komandada fəaliyyət göstərirdim, ondan əvvəl isə klublarda çalışmışdım”.

Bunu Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin sabiq baş məşqçisi Nərgiz Qurbanova report.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uzun müddətdir çalışdığınız millidən ayrılmağınızın səbəbi nə oldu?

- AFFA ilə qarşılıqlı razılıq əsasında fəaliyyətimi dayandırmışam. Başqa bir səbəb yoxdur. Sadəcə, qarşılıqlı razılıq əldə olundu və işimdən ayrıldım.

- Yığmada fəaliyyət göstərdiyiniz 10 illik dönəmi necə qiymətləndirirsiniz? Baş məşqçi vəzifəsinə yeni gələndə qarşınıza qoyduğunuz məqsədlərə nə dərəcədə nail oldunuz?

- Bu, çox geniş mövzudur. Milli komandada bu vəzifəyə gətiriləndə peşəmizin çətinliyini dərk edirdim. Qarşıma qoyduğum əsas məqsəd sırf azərbaycanlı qızlardan ibarət heyətlə qələbələr qazanmaq idi. Çünki 10 il öncəyə, hətta daha əvvələ nəzər salsaq, yerli futbolçularla belə nəticələr qazanılmamışdı. Bu, mənim üçün çox əhəmiyyətli idi. Gəlişimdən sonra çox böyük uğurlarımız olmasa da, vacib qələbələrimiz oldu. Məsələn, Moldovanı 4:1 hesabı ilə məğlub etdik. Ötən il A qrupunda yer alan Bolqarıstana, həmçinin Qazaxıstana qalib gəldik. Mən inkişaf turnirlərini və ya yoldaşlıq görüşlərini yox, məhz Avropa çempionatının seçmə mərhələlərini nəzərdə tuturam. 2012-ci ildən bu yana sırf azərbaycanlı futbolçularla qazanılan qələbələr çox az olub.

- U-17 millisinin hazırkı durumu və potensialı haqqında nə deyə bilərsiniz? Komandanı müvəqqəti olaraq Xanlar Əliyevə tapşırıblar.

- Xanlar müəllimə uğurlar arzu edirəm, bu barədə başqa sözüm yoxdur. Qızlarımıza gəlincə, nəzərə almalıyıq ki, onların hələ 17 yaşları var və bəziləri təcrübəsizdir. Beynəlxalq oyunlarda təcrübə toplayırlar. İnşallah, bu təcrübə onlara kömək olacaq və gələcəkdə bizi daha yaxşı təmsil edəcəklər.

- Azərbaycanın qadın futbolunda əsas problemlər nədən ibarətdir? Kadr çatışmazlığı, yoxsa başqa səbəblər var?

- Belə bir deyim var: “Həyatda ən yaxşı müəllim təcrübədir”. Mən bu fikirlə tam razıyam. Azyaşlı qızlarımızda da ən böyük problem təcrübəsizlikdir. Bunun da bir neçə səbəbi var. Əsas problem qızların futbola çox gec başlamasıdır. Həmçinin məktəb problemləri var ki, bu da uşaqların məşqlərdə mütəmadi iştirakına mane olur. Bütün bunlar futbolçunun yetişməsində böyük rol oynayır. Məsələn, sonuncu Avropa çempionatına 2011-ci il təvəllüdlü qızları aparmışdıq. Onların təcrübəsizliyi nəticələrdə də əksini tapdı. Hesab edirəm ki, təcrübəli futbolçu yetişdirmək üçün həm peşəkar məşqçilərə, həm də zamana ehtiyac var.

- Karyeranızla bağlı növbəti planlarınız necədir? AFFA-da başqa bir vəzifədə çalışırsınız?

- Hazırda AFFA-da heç bir vəzifədə çalışmıram. 10 ildən çox idi ki, milli komandada fəaliyyət göstərirdim, ondan əvvəl isə klublarda çalışmışdım. Milli komandadakı fəaliyyətimi dayandırsam da, yaxın zamanda məni hər hansı bir klubda məşqçi vəzifəsində görə bilərsiniz.

- Qadınlardan ibarət əsas millimizin çıxışı ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda yaxşı qələbələrimiz var. İnşallah, gələcəkdə də bu uğurların davamı gələr.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr