Kəskin aclıq böhranı rekord səviyyəyə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da daxil olmaqla bir sıra beynəlxalq qurumların hazırladığı 2026-cı il üzrə Ərzaq Böhranları üzrə Qlobal Hesabatda (QBBHH) qeyd olunub.
Bildirilib ki, fəlakətli aclıqla üzləşən insanların sayı 2016-cı ildən bəri 9 dəfə, kəskin aclıq halları isə iki dəfə artıb.
Qeyd olunub ki, 2025-ci ildə tarixdə ilk dəfə Qəzza zolağı və Sudanın bəzi bölgələrində eyni vaxtda fəlakətli aclıq halları qeydə alınıb və vəziyyət ən yüksək — 5-ci mərhələ kimi qiymətləndirilib.
Məlumata görə, İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) sisteminə əsasən, 3-cü mərhələ artıq ciddi sağlamlıq riski və humanitar yardım ehtiyacı yaradır, 5-ci mərhələ isə ən ağır qida böhranını ifadə edir.
Hesabatda bildirilir ki, 2025-ci ildə 47 ölkə və ərazidə ümumilikdə 266 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib ki, bu da təhlil edilən əhalinin təxminən 23 faizini təşkil edir.
Qeyd olunub ki, ən ağır vəziyyət Əfqanıstan, Banqladeş, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya, Pakistan, Cənubi Sudan, Sudan, Suriya və Yəmən kimi ölkələrdə müşahidə edilir.
Açıqlamada həmçinin vurğulanır ki, 2025-ci ildə 35,5 milyon uşaq kəskin qidalanma problemi yaşayıb, onlardan təxminən 10 milyonu ağır formada qidalanma çatışmazlığından əziyyət çəkib.
Məlumata görə, ərzaq böhranı nəticəsində 85 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə vəziyyətin daha da pisləşməsi riski var və münaqişələr, iqlim dəyişikliyi və qlobal iqtisadi qeyri-müəyyənlik ərzaq təhlükəsizliyinə ciddi təzyiq göstərməkdə davam edəcək.
Aminə ŞAHSUVARQIZI