AZ

Atəşkəs ƏSƏB savaşına keçir - Nə SÜLH, nə də...

ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları Yaxın Şərqdəki mövcud gərginliyi yeni bir mərhələyə – strateji psixoloji müharibə müstəvisinə daşıyıb. Trampın "mən tələsmirəm, ən yaxşı razılaşmanı istəyirəm" mesajı və Hörmüz boğazı üzərindəki qətiyyətli mövqeyi göstərir ki, Vaşinqton bu dəfə hərbi gücdən çox, iqtisadi və mənəvi tükəndirmə taktikasını seçib. Ağ Evin qırmızı xətləri bəllidir: zənginləşdirilmiş uranın təhvil verilməsi və nüvə ambisiyalarından tam imtina. İran tərəfi isə hələ ki, bu sərt tələblər qarşısında sükutu qorumağa və ya dolayı müqavimət göstərməyə çalışır. Lakin bu qeyri-müəyyənlik artıq klassik "atəşkəs" anlayışından çıxaraq, hər iki tərəfin dözümünü sınağa çəkən bir gərginliyə çevrilib.

“Mövcud vəziyyəti xarakterizə edərkən deyə bilərik ki, tərəflər sanki məşhur "A yordu, yordu, yordu, görək kim kimi yordu" mahnısını ifa edirlər. Hazırda bu, təmiz bir əsəb və stress müharibəsidir".

Bu fikirləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Vüqar

Onun fikrincə, Hörmüz boğazı bu gün İran üçün sadəcə bir coğrafi keçid deyil, həm ən böyük təsir rıçaqı, həm də ən həssas nöqtəsidir: “Tehranın neft ixracatının təxminən 90 faizinin bu boğaz vasitəsilə həyata keçirilməsi və əsas təchizat yollarının Bəndər-Abbas kimi limanlardan asılılığı, mövcud blokadanın İran iqtisadiyyatı üçün nə dərəcədə dağıdıcı olduğunu göstərir. İranın bu vasitə ilə dünya iqtisadiyyatına təzyiq göstərmək cəhdləri, əslində ölkə daxilində sosial-iqtisadi gərginliyi artırır. Əvvəllər ABŞ-ın təzyiqlərinə qarşı daha kəskin ritorika ilə çıxış edən Tehran, indi real blokadanın nəticələrini daha dərindən hiss etməyə başlayıb”.
Deputat bildirib ki, "Nə sülh, nə də müharibə" vəziyyəti beynəlxalq münasibətlərin ən yorucu formasıdır: ”Bu, sadəcə siyasi liderlərin deyil, həm də xalqların dözüm limitinin yoxlanılmasıdır. Hazırda tərəflər bir-birinin gözünün içinə baxaraq ilk kimin göz qırpacağını (geri çəkiləcəyini) gözləyir. Lakin unudulmamalıdır ki, bu tip "əsəb savaşları" ya böyük bir razılaşma, ya da nəzarətdən çıxan ani bir qığılcımla yekunlaşır".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr