Avropa Birliyi smartfon bazarında böyük dəyişiklik yaradacaq yeni qaydalar qəbul edib. Qərara əsasən, 18 fevral 2027-ci ildən etibarən satışa çıxarılan yeni smartfonlarda istifadəçi tərəfindən dəyişdirilə bilən batareyalar məcburi olacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu addım xüsusilə Apple və Samsung kimi böyük istehsalçıların cihaz dizaynında ciddi dəyişikliklər etməsini tələb edəcək.
Yeni qaydalar elektron tullantıları azaltmaq və cihazların istifadə müddətini uzatmaq məqsədi daşıyır. Hazırda milyonlarla telefon yalnız batareya zəiflədiyi üçün istifadədən çıxarılır.
Yeni sistem sayəsində istifadəçilər batareyanı özləri dəyişə biləcək və cihazlarını daha uzun müddət istifadə edə biləcəklər.
Yeni tələblər nələrdir?
Qaydalara əsasən:
Batareyalar ən azı 800 doldurma dövründən sonra 80% tutum saxlamalıdır
İstehsalçılar satış bitdikdən sonra 7 il ehtiyat hissələri təqdim etməlidir
Təmir təlimatları açıq şəkildə əlçatan olmalıdır
Bu dəyişikliklər təmir xərclərini azaltmağı və istehlakçıların seçim imkanlarını artırmağı hədəfləyir.
Mütəxəssislər bildirirlər ki, köhnə telefonlardakı kimi tam çıxarılan arxa qapaq dizaynına qayıdış gözlənilmir. Bunun əvəzinə daha müasir, suya davamlı, lakin açılması asan modellər hazırlanacaq.
İqtisadi təsir böyükdür
Avropa Komissiyasının hesablamalarına görə, bu qaydalar sayəsində istehlakçılar 2030-cu ilə qədər təxminən 20 milyard avro qənaət edə bilər.
Qlobal təsir gözlənilir
Qayda yalnız AB bazarına aid olsa da, ekspertlər bunun qlobal standartlara çevriləcəyini düşünür. Daha əvvəl USB-C ilə bağlı oxşar proses yaşanmışdı.
Piranə Xasiyeva