AZ

“Təhsil Respublika İdman Mərkəzi”ndə ciddi maliyyə və idarəetmə nöqsanları aşkar edilib

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Hesablama Palatasının 2025-ci il iş planına uyğun olaraq “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxs və tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və dövlət əmlakının idarə olunması üzrə uyğunluq auditi aparılıb.

Gununsesi.info xəbər verir ki, audit nəticələrinə görə, Elm və Təhsil Nazirliyi ilə Mərkəz və idman məktəbləri arasında dövlət sifarişi üzrə müqavilələrin bağlanmaması fəaliyyətin məqsədləri ilə ayrılan vəsaitlər və nəticələr arasında uyğunluğun qiymətləndirilməsini mümkünsüz edib.

Yoxlamalar göstərib ki, idman məktəblərində normativ tələblər pozularaq qrupların sayı az təşkil edilib, bəzi hallarda isə əlavə ştat vahidləri saxlanılıb. Bu hallar vəsaitlərin səmərəsiz istifadəsinə səbəb olub.

Əsas pozuntular arasında hazırlıq keçməmiş şagirdlərin məktəblərə qəbul olunması nəticəsində 615 əlavə qrupun formalaşdırılması, 7812 dərs saatının artırılması və bununla bağlı təxminən 3,984 milyon manat əlavə xərclərin yaranması qeyd olunur.

Eyni zamanda idman təkmilləşdirmə və yüksək ustalıq qruplarında da uyğunsuzluqlar aşkarlanıb. Fərdi göstəriciləri tələblərə cavab verməyən 37 şagird hesabına 10 qrupun saxlanılması nəticəsində 111,9 min manat əməkhaqqı ödənilib, əlavə olaraq 164,3 min manat məbləğində vəsait də artıq xərclənib.

Audit həmçinin göstərib ki, olimpiya statusu olmayan idman növləri üzrə yüksək ustalıq qruplarının yaradılması nəticəsində 96,9 min manat əməkhaqqı və 92,6 min manat əlavə xərc yaranıb.

Bundan başqa, şagirdlərin hazırlıq mərhələlərində süni şəkildə eyni səviyyədə saxlanılması 3,2 milyon manatdan çox əlavə vəsaitin istifadəsinə səbəb olub və bu, uşaq və gənclərin inkişaf prinsiplərinə uyğun gəlməyib.

Maliyyə hesabatlarında da ciddi nöqsanlar aşkarlanıb. Əməliyyatların vaxtında uçota alınmaması, aktivlərin köhnəlməsinin düzgün hesablanmaması və öhdəliklərin gec tanınması maliyyə göstəricilərində təhriflərə səbəb olub.

Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilən qərara əsasən, ümumilikdə 997,3 min manat vəsaitin bərpası nəzərdə tutulub.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
icma.az

1Mənbələr