Bakı, 24 aprel, AZƏRTAC
"AZCON Holding"in şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin “Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsi” (AZANS) sədrliyi ilə SOCEA (Avropa və Asiya Hava Hərəkəti Xidməti Təminatçıları Təşkilatı) çərçivəsində hava hərəkətinin koordinasiyasının gücləndirilməsinə həsr olunan yüksəksəviyyəli müşavirə Budapeşt şəhərində keçirilib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə "Uzaeronavigatsia", "Kyrgyzaeronavigatsia", "Kazaeronavigatsia", Türkiyə Dövlət Hava Meydanları İdarəsi (DHMİ) və "HungaroControl" kimi aeronaviqasiya xidmət təminatçılarının rəhbərləri iştirak ediblər. Görüşdə regionlararası əməkdaşlığın genişləndirilməsi, idarəetmə yanaşmalarının təkmilləşdirilməsi və uçuşların təhlükəsizliyinin təmin olunması üzrə koordinasiya məsələləri müzakirə edilib.
Müşavirə çərçivəsində qlobal və regional proseslərin hava hərəkətinə təsiri, həmçinin dəyişən şəraitdə əməliyyat davamlılığının təmin edilməsi məsələləri nəzərdən keçirilib. Eyni zamanda hava daşımalarının təhlükəsiz və dayanıqlı təşkili, məlumat mübadiləsi və qurumlararası qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd olunub ki, artan Avropa–Asiya istiqamətli uçuş axınlarının koordinasiyalı şəkildə idarə olunması regionda hava hərəkətinin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, 2025-ci il sentyabrın 11-də Almatı şəhərində keçirilmiş SOCEA Baş Assambleyasında AZANS-ın direktoru təşkilatın prezidenti seçilib və sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb.