AZ

QHT sədri: Azərbaycanda Çernobıl iştirakçılarının sosial hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 650 min nəfər cəlb olunmuşdu. Onlardan təxminən 8500-dən çoxu azərbaycanlı idi. Təəssüf ki, bu insanların 4 mindən çoxu müxtəlif səbəblərdən həyatını itirib. Digərlərinin bir çoxu isə həmin dövrdə məruz qaldıqları radiasiyanın təsiri nəticəsində müxtəlif xəstəliklərə düçar olub, sağlamlıqlarını itirib və bu gün də bu fəsadların ağır yükünü daşımaqdadır.

Bu sözləri AZƏRTAC -a açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov söyləyib.

O bildirib ki, 1990-cı illərə qədər Çernobıl iştirakçıları ilə bağlı məsələlər bir sıra məhdudiyyətlər və çatışmazlıqlar səbəbindən tam həllini tapmamışdı. Həmin dövrdə mövcud qanunvericilik bazası da bu insanların sosial müdafiəsini tam şəkildə əhatə etmirdi. 1992-ci ildə Çernobıl qəzasından zərər çəkmiş vətəndaşların sosial statusunun müəyyənləşdirilməsi və onların hüquqlarını tənzimləyən qanun layihəsi təqdim olunsa da, müxtəlif səbəblərdən bu layihənin qəbulu mümkün olmayıb.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məsələ yenidən gündəmə gətirildi və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Daha sonra Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosialyönümlü siyasət çərçivəsində Çernobıl əlillərinin və zərərçəkmiş şəxslərin sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldü. Xüsusilə 2008-2009-cu illərdə imzalanmış müvafiq fərmanlar bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynadı.

Eyni zamanda, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb. 2021-ci ildə imzalanmış müvafiq Fərmana əsasən, şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Çernobıl iştirakçılarının da sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. 2021-ci ilin aprel ayından etibarən bu günə qədər 450 Çernobıl iştirakçısı ailəsi mənzillə təmin edilib.

M.Həsənov əlavə edib ki, Azərbaycanda Çernobıl iştirakçılarının sosial hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır və onlar dövlətin sosial siyasətindən bəhrələnməkdə davam edirlər.

Seçilən
37
2
azertag.az

3Mənbələr