Bakı, 24 aprel, AZƏRTAC
Ekosistemin innovativliyinə təkcə istehsal, texnologiya, sahibkarlıq və elmin mövcudluğu deyil, onların bir-biri ilə nə qədər sıx bağlı olması təsir edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.
O bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) innovasiya ekosistemini innovasiya nəticələrinə təsir edən maraqlı tərəflərin (stakeholderlərin) məcmusu kimi nəzərdən keçirir, “Global Innovation Index” isə onu tək bir göstərici ilə deyil, təxminən 80 indikatorla, yəni təhsildən və infrastrukturdan tutmuş bilik yaradılması və biznes mühitinə qədər ölçür. Buna görə də dörd amilin hər biri üçün universal və sabit “təsir payı” mövcud deyil: onların töhfəsi ekosistemin inkişaf mərhələsindən və iştirakçılar arasındakı əlaqələrin keyfiyyətindən asılı olaraq dəyişir.
Kamran İmanov qeyd edib ki, yeni biliklərin generasiyası mərhələsində ən güclü təsir edən amillər elm və texnologiyalardır. Kommersiyalaşma mərhələsində ən güclü təsir edən amillər sahibkarlıq və texnologiyalardır. İqtisadiyyata miqyaslandırma və geniş təsir mərhələsində isə ən güclü təsir edən amillər istehsal və texnologiyalardır.
Beləliklə, elm potensial yaradır, texnologiyalar onu tətbiqi formaya salır, sahibkarlıq onu bazar məhsuluna çevirir, istehsal isə nəticəni miqyaslandırır və möhkəmləndirir.