AZ

ABŞ-nin Yaxın Şərqdə mövqeləri sarsılıb və əvvəlki mövqeyə qayıtması mümkün olmayacaq - ŞƏRH

"Artıq İranla ABŞ və İsrail arasında 28 fevral tarixindən başlayaraq 56 gündür ki, müharibə bu və ya digər formada davam edir. Əvvəl çox aktiv fazada davam edirdi, təxminən 40 gün. 40 gündən sonra müharibə tam aktiv fazada davam etməsə də, fərqli formalarda tərəflərin bir-birinə qarşı təhdidləri, bir-birinə qarşı ittihamları, Hörmüzün İran tərəfindən bağlanılması, daha sonra ABŞ tərəfindən mühasirədə saxlanılması müşahidə olunur".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov ABŞ-İran münasibətlərinin hazırkı vəziyyəti barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, İsrail tərəfinin Livanda atdığı addımlar və ümumilikdə götürəndə hər iki tərəfdən danışıqlar görüntüsü yaradılsa da, barmaqların tətikdə olması ondan xəbər verir ki, bu müharibə bitməyib və davam edir:

"Nə qədər ABŞ Prezidenti Donald Tramp bunu əməliyyat adlandırsa da, adı üzərində olduğu kimi bu müharibədir və bəlkə də 21-ci əsrin ən təhlükəli, ən dəhşətli müharibələrindən biridir, yaxud birincisidir. Düzdür, Rusiya-Ukrayna müharibəsi də çox təhlükəli və uzun müddətdir davam edən müharibədir, amma ABŞ/İsrail-İran müharibəsi qısa müddət ərzində daha böyük dağıntılara, daha böyük itkilərə səbəb olub deyə bilərik. İndi canlı qüvvə baxımından olmasa da, kifayət qədər böyük dağıntılara səbəb olub və bu müharibənin miqyasının genişlənməsi təhlükəsi də kifayət qədərdir. Bu baxımdan mən düşünürəm ki, proses hələ davam edir. Düzdür, indi İran tərəfi danışıqlardan imtina etsə də, şərtlər onu ortaya qoydu ki, İran tərəfi danışıqları əhəmiyyətli görmədi. Çünki tərəflər elə danışıqlardan öncə bir-birlərinə şərtlər qoyurlar, bir-birlərini təhdid edirlər. Bunun özü-özlüyündə danışıqları qeyri-səmimi və yaxud da öncədən nəticəsiz olacağını göstərən əsas şərtlərdən biridir.

Bu baxımdan düşünürəm ki, müharibədə ABŞ və İsrail birlikdə İrana qarşı iştirak etsə də, danışıqlarda İsrailin iştirakını biz görmürük. Düzdür, dolayısı yolla münasibətlər bildirsələr də, konkret olaraq danışıqlara dəstək olduqlarını açıq şəkildə görmürük. Bu da danışıqların ciddiyyətini, əhəmiyyətini, çəkisini azaldır. Bundan başqa, mən hesab edirəm ki, ABŞ-nin Hörmüz boğazını blokadada saxlaması — hər nə qədər bunu tam blokada adlandırmaq mübahisəli olsa da və bəzi gəmilərin keçidinin davam etdiyini görsək də — tərəflər arasında danışıqlar prosesini faktiki olaraq istisna edir.”

Müsahibimiz hesab edir ki, ABŞ danışıqlarda maraqlı olsa da, atdığı bəzi addımlar bu prosesi pozmağa xidmət edir:

"İran tərəfi isə danışıqlarda o qədər də maraqlı görünmür. İndi bu İranın öz istəyidir, yaxud da pərdə arxasında onu təlimatlandıran, ona tövsiyələr verən və yaxud da kənardan müharibədə dirijor rolunu oynayan Çin və Rusiyanın təkidi ilə bunu edir, hər bir halda görünən tərəf budur. Mən fikirləşirəm ki, bu müharibə Yaxın Şərq regionunda və eyni zamanda oradan qaynaqlanaraq bütün dünyada güc balansını tam şəkildə dəyişəcək. ABŞ-nin "petrodollar" siyasətinə ciddi zərbə dəyib və bu proses davam edəcək. ABŞ-nin körfəz ölkələri ilə münasibətləri tamamilə dəyişəcək. Körfəz ölkələrində ABŞ-nin, o cümlədən ümumilikdə Yaxın Şərqdə mövqeləri sarsılıb və əvvəlki mövqeyə qayıtması bəlkə də mümkün olmayacaq. Böyük ehtimalla mümkün olmayacaq. Çünki bu məsələdə nə qədər maraqlı olsa da, sanki Çinin, Rusiyanın və Avropanın maraqları üst-üstə düşür. Yəni indi bu tam bir marağa xidmət edən mövqe olmasa da, hər bir halda uzlaşır. Hər birinin ayrı-ayrı səbəbləri var, amma yekun nəticədə bu uzlaşır. Mən düşünürəm ki, gələcəkdə siyasi təhlükəsizlik arxitekturasının Yaxın Şərqdə və körfəzdə dəyişməsi dünyada güc balansının da dəyişməsinə gətirib çıxaracaq. Birqütblü dünya ilə biz vidalaşacağıq, böyük ehtimalla. Ən yaxşı halda Çin və ABŞ-nin ikiqütblü dünyanı idarəetmə formasının şahidi olarıq. Hətta bu çoxqütblü də ola bilər. Məsələn, Avropanın bu prosesdə iştirakı, hətta Rusiyanın, əgər Rusiya-Ukrayna müharibəsində ciddi bir dəyişiklik olacaqsa, Rusiyanın da bu prosesdə iştirakını görə bilərik. Bununla paralel İslam dünyasının, indi burada körfəzdə və Yaxın Şərqdə baş verən proseslərin səbəbindən, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın yaxınlaşmasının şahidi oluruq ki, bu da indiyə qədər o qədər real görünmürdü. Hələ də görünmür, amma hər bir halda bu müttəfiqlik, bu danışıqlar prosesi, bu təmasların şahidi olmaq özü-özlüyündə dünyada ciddi dəyişikliklərin olmasından xəbər verir".

Politoloqun zənnincə, ABŞ o blokadanı davam etdirməsi, hətta yenidən hücumları bərpa etməsi belə İrana münasibətdə ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq:

"Əsas məsələ rejim dəyişikliyidir, o rejim dəyişikliyinə də onlar nail ola bilmədilər. Söhbət orada zənginləşdirilmiş urandan gedirsə, bu zənginləşdirilmiş uranın İran tərəfindən verilməsi məsələsi də o qədər rahat görünmür. Havadan hücumların edilməsi, bombalamaların aparılması da o qədər ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. ABŞ-nin də qeyri-müəyyən müddətə özündən 10 min kilometr uzaqlıqda bu əməliyyatları davam etdirmək nə gücü, nə də imkanları var. Eyni zamanda qanunvericilik baxımından ABŞ-nin daxilində bununla bağlı ciddi məhdudiyyətlər var. Nəzərə alsaq ki, onlarda Müharibə Səlahiyyətləri Aktı ilə prezidentə 60 gün müddət verilir ki, Konqresin razılığı olmadan müharibə aparsın. 30 gün də buna əlavə olaraq təhlükəsizlik tədbirləri və qüvvələrin geri oturdulması istiqamətində addım atsın. Yəni 3 ay nəzərdə tutulur. Nəzərə alaq ki, bu artıq 28 fevral tarixindən başlayıb, təxminən 2 ayı tamam olur, qarşıda 1 ay qalır. Nə qədər Donald Tramp bunu əməliyyat adlandırsa da, müharibə olduğunu istisna etsə də, yenə də qeyd edək ki, bu müharibədir".

X.Bəşirov xatırlatdı ki, noyabr ayında ABŞ aralıq seçkiləri nəzərdə tutulub. 

"Orada respublikaçıların mövqeyi çox böyük təhlükə ilə üz-üzədir. Demokratlar kifayət qədər bu şəraitdən istifadə etmək niyyətindədirlər. Eyni zamanda oktyabr ayında İsraildə də Knessetə, yəni parlamentə seçkilər var. Yəni konkret olaraq bu müharibədə təşəbbüskar tərəf olan Donald Tramp və Benyamin Netanyahunun öz şəxsi siyasi karyeraları ilə bağlı qarşıda suallar var. Əgər onların bu prosesi davam etdirmək niyyətləri olacaqsa, hər bir halda seçkilər öncəsi təbliğat-təşviqat mərhələsinə qədər bu prosesi bitirməlidirlər. Əks təqdirdə onlar parlament seçkilərində uduzacaqlar. Bu da təbii ki, müharibənin gedişində ciddi dəyişikliklərə gətirib çıxaracaq", - deyə o, fikirlərini tamamladı.

NURİYYƏ

Seçilən
17
1
redaktor.az

2Mənbələr