Stokholm, 24 aprel, AZƏRTAC
İsveç İdman Konfederasiyası (RF) mütəşəkkil cinayətkarlığın idmana nüfuz etməsinə qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər paketini açıqlayıb. Bu tədbirlərə təhlükəsizlik işçilərinin təyinatı, cinayətkar fəaliyyətin müəyyən edilməsi üzrə təlim, maliyyələşdirmə və sponsorluğun monitorinqi, əsas şəxslərin yoxlanılması, idman məkanlarında təhlükəsizlik tədbirləri, məşqçilərin hazırlanması, daha sərt intizam sanksiyaları, polislə əməkdaşlıq və illik risk qiymətləndirmələri daxildir.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs dövlət tərəfindən dəstəklənir. Belə ki, dövlət idmanla əlaqəli cinayətkarlıqla mübarizəyə hər il təxminən 1 milyon dollar ayırır.
Aparılan tədqiqat problemlərin əvvəllər düşünüləndən daha geniş olduğunu ortaya qoyub. Cinayətkar şəbəkələr həm elitar, həm də kütləvi idman növlərində fəaliyyət göstərir və təkcə müəyyən idman növləri və ya regionlarla məhdudlaşmır. Əsas təhdidlərə klubların nəzarətini ələ keçirmək cəhdləri, korrupsiya, o cümlədən oyunların razılaşdırılması, şübhəli agentura fəaliyyəti və gənclərin idman mühiti vasitəsilə cinayətkar qruplara cəlb edilməsi daxildir.
Tədqiqatda iştirak edən 1800-dən çox idman klubu arasında aparılan sorğunun nəticələrinə görə, respondentlərin 7 faizi təhdidlər, təzyiqlər və gənc idmançıların cinayətkar fəaliyyətə cəlb edilməsi də daxil olmaqla mütəşəkkil cinayətkarlıq hallarından xəbərdar olduqlarını bildirib.
Futbol klublarından birində bildiriblər: “Əksər hallarda bunlar idman meydançasında olan və daha kiçik uşaqları cəlb etməyə çalışan yeniyetmələrdir. Biz bununla mübarizə aparırıq, lakin klubun fəaliyyət göstərdiyi rayonun özü böyük problemdir. Keçmiş yaşlı gənc oyunçular küçədə gənc futbolçulara yaxınlaşaraq evdə narkotik saxlamaq müqabilində pul qazanmağı təklif ediblər”.
Bu arada, bir çox təşkilatda bu cür hadisələrin qarşısının alınması və onlar barədə məlumat verilməsi üçün aydın prosedurlar yoxdur.
Ekspertlər, həmçinin 2021-ci ildə ixtisaslaşmış bölmənin ləğvindən sonra polisin fəaliyyətində koordinasiyanın olmamasına da diqqət çəkirlər. RF maarifləndirmənin artırılmasının, vahid reaksiya prosedurlarının hazırlanmasının, habelə klublar, dövlət qurumları və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır.
RF nümayəndələrinin fikrincə, idman cəmiyyətin daha geniş problemlərini əks etdirir və effektiv əks tədbirlər uzunmüddətli, sistemli iş tələb edir.