"Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bir çox məsələlərə toxunub. Əsas müzakirə mövzusu isə Latviya ilə hərtərəfli, qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq və Avropaya qaz ixracı ilə bağlı idi".
Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan artıq enerji ixracatı baxımından Avropanın etibarlı ticarət tərəfdaşına çevrilib:

"Bir sıra Avropa ölkələri ilə yaxın zamanda əməkdaşlıq gözlənilir. Bu da, təbii ki, Avropanın enerji strategiyası və siyasi maraqlarına uyğun olaraq həyata keçiriləcək. Rusiya ilə siyasi və iqtisadi vəziyyət məlum olduğundan, artıq bir sıra Avropa ölkələri Rusiya ilə ticarət əməkdaşlığından imtina edib, digər enerji ixracatçılarına yönəlir. Hazırda real görünən tərəfdaşlar Mərkəzi və Orta Avropa ölkələridir. Latviya ilə qarşılıqlı əməkdaşlığa gəldikdə isə, bu ölkə ilə əlaqələr ötən əsrin ortalarından, hətta Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdən mövcud idi. Müstəqillik dövründə də ticarət-iqtisadi əməkdaşlıq davam edib, hətta Dağlıq Qarabağ münaqişəsində Latviya Azərbaycanın maraqlarını beynəlxalq arenada müdafiə edib. 2017-ci ildə həmin ölkə ilə birgə saziş imzalanıb. 2016–2024-cü illərin statistikasına əsasən, hər iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfəyə yaxın artıb".
Aytəkin TOFİQQIZI