AZ

Vüsal Şıxəliyev: Müvafiq əlaqələndirmə vasitəsilə innovativ potensialı iqtisadi dəyərə çevirə bilərik

Bakı, 24 aprel, AZƏRTAC

İnnovativ potensialın reallaşdırılması, əqli mülkiyyət, süni intellekt sahəsində görülən işlər kifayət qədər önəmlidir.

AZƏRTAC xəbər verir k, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib. O bildirib ki, innovasiya sahəsində görülən işlərin, nəticəyönümlü fəaliyyətin təşkili bilavasitə koordinasiyadan, institusional yanaşmadan asılıdır.

Vüsal Şıxəliyev çıxışında Azərbaycan Prezidenti tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradıldığını vurğulayıb. Qeyd edib ki, Komissiya çərçivəsində 25 işçi qrupu fəaliyyət göstərir ki, onların 15-i bilavasitə qlobal innovasiya indeksinin müvafiq altindeksləri ilə bağlı fəaliyyət göstərir. Bu işçi qrupları müvafiq indeksin tələblərini düzgün şəkildə təhlil edərək, öncədən hansı tədbirlərin icra olunmasını bəyan edirlər. Həmin faktor bizə imkan verir ki, bu sahədə maraqlı tərəfləri prosesə cəlb edə bilək, yəni dövlət orqanları təkcə özləri tədbirlər həyata keçirmirlər, həm də akademik müəssisələrə, sahibkarlıq subyektlərinə, qeyr-hökumət təşkilatlarına qərarvermə prosesində maraqlı tərəf kimi iştirak imkanı yaradıla bilər.

“Bugünkü dəyirmi masada çox faydalı müzakirələr aparıldı və aktual fikirlər səsləndi. Biz innovativ fəaliyyətin nəticəyönümlü olmasını istəyiriksə, mütləq qaydada hər bir altindeksin, komponentlərin tələbləri və ölkəmizdə innovasiyaya giriş, innovasiyaya çıxış istiqamətində tarazlığı necə təmin etmək məsələləri üzərində düşünmək lazımdır. İnnovasiyaya giriş üzrə ölkəmizin mövqeyi kifayət qədər irəlidədir, innovasiyaya çıxış, yəni innovativ məhsulların yaradılması üzrə bizim ciddi potensialımız var. Müvafiq əlaqələndirmə vasitəsilə biz bu potensialı iqtisadi dəyərə çevirə bilərik”, - deyə Vüsal Şıxəliyev bildirib.

Müxbir- Gözəl Ağayeva
Fotoqraf – Aydın Məmmədov
Operator – Şövqi Əzizov
Seçilən
34
2
azertag.az

3Mənbələr