AZ

İyirmi altı aktyorun içərisindən məni seçdilər

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Budəfəki müsahibimiz tamaşaçıların daha çox "Babək" filmindəki Buğday obrazı ilə tanıdığı aktyor Məhəmməd Verdizadə oldu.

"Film kimi həyat" ifadəsindən yola çıxıb söhbətə belə başladıq. 

- Məhəmməd bəy, əgər həyatınızı bir film kimi təsəvvür etsəniz, o filmin adı nə olardı?

- Bunu fikirləşmək lazımdır (gülür). Elə bilirsiniz ki, ad qoymaq asandır? Hər halda mənim damarlarımdan aktyor qanı axır. Mən bu sənətə bu sənəti çox sevib gəlmişəm və bu sənət uğrunda çox şeylər qurban vermişəm... Böyük ehtimal, həyatım film olsaydı, adı belə olardı: "Mən aktyoram". Çünki mənim aktyorluqdan başqa sənətim yoxdur.

- Bu sənət yolunda verdiyiniz ən böyük qurban nə olub?

- Mən hüquq fakültəsinə qəbul oluna bilərdim, o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub, bankda işləyə bilərdim. Amma bunlardan ona görə imtina etdim ki, aktyor olum.

- Sizcə, aktyor doğulur, yoxsa zamanla formalaşır?

- Aktyor doğulur. İstedad formalaşa bilər - əgər həmin istedad varsa.

- Bu günə qədər canlandırdığınız obrazlar arasında sizə ən çox bənzəyəni hansıdır?

- Baxır yaş dövrünə... Bu yaşımda mən on ildə on seriala çəkilmişəm. Onların heç biri mənə yaxın deyil. Yəqin ki, "Buğday" obrazı mənə daha yaxın idi. Çünki o rolu öz yaşımda - on doqquz yaşımda canlandırmışam.

- "Babək" filmindən söz düşmüşkən, təəssüf ki, canlı əfsanəmiz Rasim Balayevi itirdik. Onunla eyni filmdə rol almısınız. Hazırda sizi eşitmiş olsaydı, ona nə demək istəyərdiniz?

- Mənə elə gəlir ki, Rasim Balayev bu dünyadan nakam getmədi. O, Azərbaycan tarixinin və qəhrəmanlıq silsiləsinin ən gözəl qəhrəmanlarını kinoda təcəssüm etdirdi. Oynamadı, yaratdı... Rasim çox xoşbəxt bir aktyor, eyni zamanda insan idi. O, böyük aktyor idi. Kinoda onu təəccübləndirmək çox çətin məsələ idi. Hazırda onun vəfatından qırx gün belə keçməyib. İndi heç istəmərəm ki, Rasim mənim nə dediyimi eşitsin. Mən kinomuzun, teatrımızın gələcəyi ilə optimist deyiləm. Hər şey Allahın əlindədir.

Mən Rasimlə bir filmə çəkiləndə tələbə idim, üçüncü kursda oxuyurdum. Mən onu "Nəsimi" kimi tanıyırdım. Babəkin adı isə "Babək" filmi çəkilməmişdən şüurlarda, nağıllarda idi. Sonra tale elə gətirdi ki, mən Babəkin oğlu roluna çəkildim. Beləcə, gözümün önündə yarandı o Babək obrazı. Çəkildiyim səhnələrdən başqa, o biri səhnələrə də gedib baxırdım. Mən özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanda çox aktyorlar var idi. Təsəvvür edin ki, iyirmi altı aktyor Buğday obrazı üçün sınaqdan keçdi. Amma onların içərisindən mən seçildim. Bunun özü böyük xoşbəxtlikdir ki, seçilən mən oldum. Hətta orada oynayan bir aktyor istəyirdi ki, məhz Buğday roluna onun oğlu çəkilsin. Amma mən çəkildim. İndi mən özümü həqiqətən də çox xoşbəxt hiss edirəm ki, Rasim Balayev kimi aktyor, Amalya Pənahova kimi aktrisa ilə eyni filmdə rol almışam. Buğday obrazının şöhrətindən irəli gələn xoşbəxtliyi mən indiyə kimi hiss edirəm...

- Əksər Azərbaycan ailələri kimi, sizin də ailənizdə aktyor olmaq qərarınıza etiraz olubmu?

- Təbii ki, olub. Atam deyirdi ki, sən hüquqşünas olmalısan. Mən məktəbi bitirdikdən sonra bir il işlədim. Sonra dedi ki, Xalq Təsərrüfatı İnstitutuna get. Mən heç birinə getmədim. Axırda dedi ki, nə istəyirsən, onu da elə. Mən sənədlərimi verdim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə. Adil İsgəndərov məni qəbul etdi...

- Bugünkü gənc aktyorlara nələr tövsiyə edərdiniz?

- Şöhrətdən qoruna bilsinlər.

- Elə bu?

- Elə bilirsiniz ki, bu azdır? İnsanı korlayan şöhrətdir. Şöhrətdən özünü qorusan, inkişaf edə biləcəksən. Yox, əgər şöhrət səni öz arxasınca aparsa, sən "aktyor" ola bilməyəcəksən.

- Sizin üçün hansı əsas olub - tamaşaçı alqışı, tanınmaq, yoxsa daxili məmnunluq?

- Baxır kim necə tanınır. Mən pis tanına bilmərəm. Çünki mən aktyoram. Amma bir dəfə on iki yaşlı bir qız əməlli-başlı məni söydü. Şıxovda çimərlikdə idim. Oradakı kafelərin birində çay içirdik. Birdən döndüm ki, təxmini on bir-on iki yaşlı qız az qalmışdı ki, üzümə tüpürsün. Qəfildən mənə dedi ki: "Heç utanmırsan?" Mən də təəccüb içərisində sual verdim ki: "Nə?" Qız yenidən deyinməyə başladı: "Heç utanmırsan? Niyə o qızın başına oyun açdın? Sən ata deyilsən! Sən əclafsan!" Qız bu sözləri deyib çıxıb getdi. Həmin illərdə "Yuxu kimi" serialına çəkilirdim. Sonradan məlum oldu ki, serialdakı "Yasəmən" obrazından söhbət gedir. Biz isə gülüşməyə başladıq ki, serial uşağa çox təsir edib və hadisələri həqiqət kimi qavrayıb. Sonradan anası ilə yaxınlaşdı, ona hər şeyi izah etdim. Şəkil çəkdirdik və barışdıq. Bir sözlə, tanınmağın belə yaxşı və pis tərəfləri var. Ancaq yaxşı tərəfi ondan ibarətdir ki, küçədə, metroda - hər yerdə insanlar yaxınlaşıb mənimlə şəkil çəkdirirlər. Bu da həmin şöhrətin bir hissəsidir. Biz də bunu yaşayırıq.

Aynur ƏDİL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
525.az

1Mənbələr