Rejissor Fariz Əhmədovun tammetrajlı sənədli filmi "Sükut içində addımlar" 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, festival Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.
"Sükut içində addımlar" işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir. Minaxtarma fəaliyyəti "ikinci müharibə" və ya bəzən "gizli müharibə" adlanır, çünki təhlükə hər yerdə ola bilər, lakin görünməzdir.
Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda duyğusal və həssas hissləri ilə diqqət çəkirlər.
Ekran işinin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, icraçı prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Film Azərbaycan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.
"Cebheinfo.az"