AZ

Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil edilib

Bakı, 24 aprel, AZƏRTAC

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Sonra akademik Zərifə Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev akademik Zərifə Əliyevanın oftalmologiya elmi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Onun zəngin və mənalı ömür yolu haqqında geniş məlumat verib. Zərifə Əliyevanın ömür-gün yoldaşı olan Ulu Öndərə hər zaman dayaq durduğunu diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli alim Zərifə Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Zərifə Əiyevanın bugünkü Azərbaycan xanımları üçün örnək olduğunu vurğulayıb.

Milli Məclisin üzvü Aydın Hüseynov Zərifə Əliyevanın incə, nəzakətli və dahi şəxsiyyət olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın dahi şəxsiyyət olaraq bir-birlərini tamamladıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, onun xatirəsi daim ehtiramla anılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Qeyd edib ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.

Görkəmli professor, şair Paşa Qəlbinur böyük alim və ictimai xadim, nəcib insani keyfiyyətlərə malik görkəmli şəxsiyyət Zərifə Əliyeva haqqında xatirələrini bölüşüb, onun elmi-praktik irsindən söz açaraq apardığı tədqiqatların önəmini qeyd edib. Akademikin şah əsərinin Prezident İlham Əliyev olduğunu diqqətə çatdıran professor Azərbaycanın var olduğu müddətdə Zərifə Əliyevanın fədakar fəaliyyətinin hər zaman yaddaşlarda qalacağını deyib.

Sonda partiyaya yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

 

Seçilən
29
azertag.az

1Mənbələr