AZ

Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib

UNEC-in Beynəlxalq əlaqələr departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, GDU-nun doktorantı Rəsul Yusibov Macarıstanda beynəlxalq elmi konfransda iştirak edib.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibov Macarıstanda beynəlxalq elmi konfransda iştirak edib. O, Obuda Universitetinin Keleti Károly Biznes və İdarəetmə Fakültəsi tərəfindən hər il təşkil olunan “MEB24 International Conference on Management, Enterprise and Benchmarking” adlı beynəlxalq konfransın final sessiyasında “Green Growth Transformation and Entrepreneurial Ecosystem Development in Post-Conflict Karabakh: Drivers, Mechanisms, and Policy Implications” mövzusunda təqdimatla çıxış edib.

Gənc tədqiqatçı beynəlxalq konfransda Qarabağın yaşıl inkişaf modelindən bəhs edib. Təqdimatda Qarabağ regionunun post-münaqişə dövründə yaşıl iqtisadi artım modelinə keçid imkanları, innovasiya yönümlü sahibkarlıq ekosisteminin formalaşdırılması, eləcə də dayanıqlı inkişafın təmin olunmasında institusional və iqtisadi mexanizmlərin rolu ətraflı şəkildə təhlil olunub.

Tədqiqatın əsas elmi əhəmiyyəti onun Qarabağın yenidən qurulması prosesini yalnız iqtisadi bərpa deyil, eyni zamanda ekoloji dayanıqlılıq və innovativ inkişaf kontekstində qiymətləndirməsi ilə bağlıdır. Bu yanaşma regionun uzunmüddətli dayanıqlığı üçün inteqrasiya olunmuş inkişaf modelinin formalaşdırılmasına töhfə verir. Konfransda 20-dən çox xarici universitetin nümayəndələri, professor və tədqiqatçıları iştirak edib, müxtəlif ölkələrdən gələn tədqiqatçılar arasında geniş elmi müzakirələr aparılıb.

Gənc tədqiqatçı Rəsul Yusibovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında suallar ünvanlanıb və müzakirələrdə fəal fikir mübadiləsi aparılıb. Sonda çıxışın elmi aktuallığı və praktik əhəmiyyəti xüsusilə vurğulanıb.

Seçilən
34
2
azedu.az

4Mənbələr