AZ

Bakıda ödənişli parklanma yerlərinin sayı artmalıdırmı? - Ekspert RƏYİ

"Ümumi olaraq parklanma çəkindirici alətdir və şəhərdə ən bahalı resurs torpaqdır. Onun səmərəli istifadəsi yönündə qərarlar verilir, burada zonalı saatlıq parkinq sistemi tətbiq olunur. Həmçinin belə bir reallıq da var ki, parklanmaya ehtiyac artır. Əgər ehtiyac varsa, müəyyən sahələrdə yeraltı və yerüstü parkinqlər yenə də şəhərsalma normalarına, şəhərin inkişaf konsepsiyasına uyğun olaraq təşkil edilə bilər, amma təşkil edilmə yerləri və şəhərin hədəf istiqaməti baxımından da bir dəyərləndirmə aparılmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıda istirahət parklarının altında parkinqlərin istifadəyə verilməsinin mümkün olub-olmaması barədə danışarkən bildirdi.

"Bizdə elan olunub ki, Bakı avtomobil mərkəzli şəhərdən insan yönümlü şəhərə keçid etmək hədəfi qoyub və bu yöndə də artıq layihələr icra edir. Yəni dövlət proqramı var, müəyyən mikromobillik zolaqları, avtobus zolaqları təşkil edilib, bəzi sahələrdə piyada küçələri, yəni piyadalaşdırılmış küçə nümunələrini görürük. Həmçinin 2030-cu ilə qədər metro şəbəkəsinin genişləndirilməsi, tramvayın qaytarılması, şəhərətrafı elektrik qatarlarının qaytarılması kimi məsələlər gündəmdədir və layihələr üzrə artıq ilkin işlər görülməyə başlanılıb. Bu da fərqli hərəkət imkanları yaradır. Yəni insanların fərdi nəqliyyatdan daha çox bu növlərlə hərəkət etməsi üçün bunlara diqqət ayrılır. Düşünürəm ki, piyada səkiləri məsələsi də ciddi təftiş edilib, süni baryerlər aradan qaldırılıb, qısa keçidlər verilərsə, bu da yeni bir imkandır. Avtomobillə gəlmək istəyənlər isə bu reallıqda artıq mövcud imkana uyğun olaraq öz avtomobilini park edə biləcək və çox güman ki, hibrid səfərlərin təşkili prioritetləşəcək. Yəni şəhərin giriş nöqtələrində "park and ride" kimi həllər, yəni "park et, səfərini ictimai nəqliyyatla davam et" kimi həllər tətbiq olunacaq və insanlar müəyyən o parklara və digər məkanlara ictimai nəqliyyatın müxtəlif növləri ilə gəlib istirahət edib yenə də qayıda biləcəklər. Bu da onları şəhərdəki sıxlıqdan, tıxacdan, parkinq və amortizasiya xərclərindən xilas etmiş olacaq", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Seçilən
84
1
redaktor.az

2Mənbələr