AZ

Latviya Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığında mühüm rol oynayır - ŞƏRH

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan və Latviya arasında münasibətlər müasir beynəlxalq sistemdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modellərindən biri kimi formalaşıb. Bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində özünü göstərir və Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O xatırladıb ki, Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Hər iki dövlət Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etdiyinə görə onların xarici siyasət kursunda oxşar prioritetlər var. Bunlar dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlara inteqrasiya və çoxtərəfli əməkdaşlıqdır.

Diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında siyasi dialoq intensiv xarakter alaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlər təşkil olunub və müxtəlif sahələr üzrə hüquqi baza formalaşıb. Bu proses də ikitərəfli münasibətlərin institusional əsaslarını möhkəmləndirir.

"Latviya Avropa İttifaqı və NATO üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığında mühüm rol oynayır. Azərbaycan üçün Latviya Baltik regionunda etibarlı tərəfdaş olmaqla yanaşı, Avropa bazarlarına çıxış üçün strateji platformadır.

Latviya Azərbaycanı enerji resursları və nəqliyyat-logistika imkanları baxımından önəmli tərəfdaş kimi qiymətləndirir. Xüsusilə enerji təhlükəsizliyi məsələləri Avropa üçün prioritet olduğundan ölkəmizin bu sahədə rolu getdikcə artır. Bu kontekstdə Latviya bizim Avropa enerji bazarına inteqrasiyasına siyasi dəstək verən ölkələrdən biri kimi çıxış edir", - deyə Y.Hacızadə vurğulayıb.

Politoloqun sözlərinə görə, iqtisadi əməkdaşlıq Azərbaycan–Latviya münasibətlərinin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və qarşılıqlı biznes-forumların təşkili bu sahədə əsas fəaliyyətlərdəndir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan və Latviya arasında əməkdaşlıq Avropa ilə Asiya arasında yükdaşımalarının optimallaşdırılmasına xidmət edir. Latviyanın liman infrastrukturu ilə Azərbaycanın tranzit imkanlarının birləşməsi yeni iqtisadi sinerji yaradır.

"Latviya Prezidentinin Azərbaycana səfərini ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Səfər çərçivəsində aparılan müzakirələr qarşılıqlı etimadın artmasına və strateji tərəfdaşlığın güclənməsinə xidmət edir. İmzalanan sənədlər iqtisadi, logistika, təhsil və innovasiya sahələrini əhatə edir. Bu sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirərək uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradacaq”, - deyə Yalçın Hacızadə əminliyini ifadə edib.

Azərbaycan-Latviya münasibətlərinin qarşılıqlı fayda prinsipinə əsaslandığını diqqətə çatdıran politoloq əlavə edib: “Azərbaycan üçün bu əməkdaşlıq Avropa ilə əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Latviya üçün isə Azərbaycan Cənubi Qafqaz regionunda strateji tərəfdaşdır. Bu münasibətlər həm də geosiyasi balansın qorunmasına xidmət edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Latviya kimi ölkələrin rolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Seçilən
49
50
azertag.az

10Mənbələr