ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Xaləddin İbrahimli: “Rusiyanın bizim bölgəyə qayıtması üçün xaos və müharibə lazımdır”
“Ermənistandakı seçkilər çox şeyi dəyişə və arzuolunmaz proseslərə səbəb ola bilər”
Tarixçi professor Xaləddin İbrahimli “AzPolitika”ya müsahibəsində regionda baş verən hadisələrlə bağlı sualları cavablandırıb. O, ABŞ-İran gərginliyinin perspektivi, Rusiya-Ukrayna münaqişəsinin gedişatı, eləcə də Ermənistanda iyunda keçiriləcək seçkilərdən gözləntilərini açıqlayıb.
Müsahibəni təqdim edirik:
-ABŞ ilə İran arasında atəşkəs iki gün sonra bitir, tərəflər geri addım atmırlar. Bu gün media yazır ki, ABŞ danışıqlara mane olan İran rəsmilərini məhv etməyə hazırlaşır. Sizcə, hadisələr hansı ssenari üzrə inkişaf edə bilər?
– Bütün hadisələrə iki cür yanaşma tələb olunur. Bunun biri determinist nəzəriyyəyə, digəri kvantdakı ehtimallar və ya təsadüflər nəzəriyyəsinə dayanır. Öngörünün az-çox gerçəyə yaxın olmasını istəyirsənsə, bu ikisindən də eyni vaxtda istifadə etməlisən. İndiki şəraitdə danışıqlara mane olan güc SEPAH-dır. Bu qurum özünü legitim orqanlar olan parlament və prezidentlik institutlarının fövqündə hiss edir və onlara necə hərəkət etmək barədə təlimatlar verir. Səbəb nədir? Birincisi, SEPAH qələbə narrativinə özünü inandırıb və eyforiyaya qapılıb. İkincisi, hakimiyyəti itirmək qorxusu da var ki, bu da onları daha aqressiv edir. ABŞ danışıqların normal məcraya düşməsi üçün SEPAH-ın üst qurumuna yeni zərbələr vura bilərmi? Vura bilər. Bu, müharibənın gedişində ABŞ-nin ən yaxşı bacardığı iş olub.
– Hörmüz boğazının İranın tam nəzarətində qalmasını mümkün sayırsınızmı?
– Mümkün deyil. Tramp Hörmüzə ortaq olacaq. Sadəcə, bu ortaqlığın dərəcəsi müzakirə olunur. Görünür, ABŞ yüksək faiz istəyir, Tehransa buna razı ola bilmir. Bu məsələ dünya ictimaiyyətindən gizlədilir. Tramp dəli deyil ki, savaşa milyardlarla vəsait xərcləsin və heç nə qazanmadan bölgədən çəkilib getsin. Dünya Trampı yaxşı tanımır. Zənginləşdirilmiş uran onu maraqlandırmır. Bu məsələ İsraili maraqlandırır. Trampın əsas məqsədi enerji dəhlizlərinə nəzarət etmək, bundan qazanc əldə etmək və Çini blokadaya almaqdır.
-Qonşu Ermənistan seçki ərəfəsindədir. Rusiyadan müxalifətə ciddi dəstək, hakimiyyətə təzyiq var. Avropa isə Paşinyanı ciddi şəkildə dəstəkləyir. Bu rəqabətdə hansı tərəf qalib gələ bilər?
– Ermənistanda Qafqazın gələcək taleyi həll olunur desək, mübaliğə etmərik. Nəyin bahasına olursa-olsun, sivil dünya Paşinyanı müdafiə etməlidir. O getsə, Ermənistan bir il keçmədən Qafqazda yeni destabilizasiya ocağına, Rusiyanın əlində yenidən alətə çevriləcək. Bölgəyə rusların qayıtması üçün xaos və müharibə lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə barış və sabitlik istəyirsə, var gücü ilə Paşinyana dəstək olmalıdır. Ermənistanda seçkilərə Avropadan öncə biz var gücümüzlə dəstək verməliyik. Bölgə bizimdir. Bu seçkilərin nəticəsindən Ermənistandan sonra ən böyük zərəri biz çəkə bilərik.
– Rusiyanın İrəvanda hərbi çevriliş və ya buna bənzər ssenarilər gerçəkləşdirmək imkanları varmı?
– Əgər Kreml Paşinyanın hakimiyyətdə qalacağını hiss etsə, görsə, bu yola mütləq baş vuracaq. Təcrübələri kifayət qədərdir. Ona görə Paşinyan təkcə siyasi cəhətdən yox, fiziki cəhətdən də qorunmalıdır.
– Bu arada Türkiyə–Ermənistan münasibətlərində müəyyən durğunluq var, sərhədlərin açılması məsələsi gündəmdən çıxıb. Sülh sazişindən sonra bu məsələ yenidən gündəmə gələ bilərmi?
– Proses bir qədər səssiz gedir, İrandakı müharibə bu prosesi kölgədə qoyub. Ancaq Türkiyə Qafqazda sabitlik və barış istəyir, bunun üçün də Ermənistanın indiki siyasətinə dəstək verir. Seçkilər çox şeyi dəyişə və arzuolunmaz proseslərə səbəb ola bilər. Bunu Ankarada yaxşı bilirlər.
– Ermənistanda seçkilər ərəfəsində Azərbaycan bu və ya digər yollarla öz maraqları çərçivəsində hansı addımlar ata bilər?
– Paşinyana dəstək verilməlidir – həm hakimiyyət, həm də cəmiyyət olaraq. O, Ermənistan dövləti qurulandan bəri ilk şəxsdir ki, bölgədə barış üçün çalışır, nəhayət, ölkəsini Rusiyanın və İranın təsirindən çıxarmaq istəyir.
–Yəqin ki, Rusiya-Ukrayna müharibəsinin gedişatını izləyirsiniz. Rusiyanın neft bazaları, limanları hədəf alınır, ölkədə iqtisadi vəziyyət pisləşir. Gedişat atəşkəsə, yoxsa daha böyük eskalasiyaya aparır?
– Daha böyük eskalasiya gözləmirəm. Ukrayna getdikcə güclənərək sonda Rusiyanı barışa məcbur edə bilər. Təbii ki, Putin hakimiyyətdən getsə, barış daha tez əldə olunar. Bu da ehtimallardan biridir.
– Türkiyədə Rusiya-Ukrayna danışıqlarının prezidentlər səviyyəsində keçirilməsi mümkündürmü?
– Əlbəttə mümkündür, belə təcrübə var. Ancaq bu, İran–ABŞ qarşıdurmasından sonrakı mərhələdə baş verə bilər. Hazırda bütün ölkələr diqqətini bu münaqişəyə yönəldib.
– Bu arada Rusiyanın NATO ölkələrindən birinə hücum edəcəyi ilə bağlı narahatlıqlar var, bunu NATO Baş katibi də dilə gətirir. Siz bunu mümkün hesab edirsinizmi?
– Bu, nəzəri cəhətdən mümkündür. Ancaq indiki şəraitdə Rusiya belə bir addım ata bilməz. Baxın, hazırda Moskva hətta Azərbaycana və Ermənistana belə təzyiq göstərə bilmir. Yaranmış fürsətdən istifadə edərək hamı Rusiyadan uzaqlaşmağa çalışır.
E.Rüstəmli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.