AZ

“İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan 2026-cı ilin ilk iki ayında 34.5 min ton 95 oktanlı benzin idxal edib və buna 29.91 mln dollar xərcləyib.

Bizimyol.info xəbər verir ki, bu, ötən illə müqayisədə həcmdə 64.3%, dəyərdə isə 66.8% artım deməkdir. Orta idxal qiyməti isə cüzi artaraq 867 dollar ton olub.

İdxal əsasən daha çox BƏƏ olmaqla, Belarus, Rusiya, Yunanıstan, Qazaxıstan və Rumıniyadan həyata keçirilib.

Dövlət Statistika Komitəsi məlumat yayıb ki, benzin və dizel istehsalı müvafiq olaraq 7.3% və 6.2% artsa da, istehlak azalıb. Yanacaq satışından gəlir 5.7% artsa da, bu artım əsasən qiymətlərin dövlət tərəfindən artırılması ilə bağlıdır.

 Azərbaycanda Aİ-95 benzinin idxalının kəskin artması bazara necə təsir edə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına bildirib ki, bu məlumatlar bir-biri ilə ziddiyyətli görünən, lakin əslində məntiqi bir tabloyu ortaya qoyur: “İstehsal artır, istehlak azalır, amma idxal kəskin şəkildə böyüyür - bu üç fakt eyni anda doğrudursa, ortada ciddi bir sual yaranır: idxal edilən benzin hara gedir? Bir ehtimal budur ki, daxili istehsal keyfiyyət baxımından bazarın tələbini tam ödəmir və Aİ-95 kimi yüksək oktanlı yanacağa olan tələb xüsusi olaraq artır. Digər ehtimal isə tranzit və yenidənixrac məqsədi daşıdığıdır - Azərbaycan Cənubi Qafqazda regional yanacaq mərkəzi kimi fəaliyyət göstərə bilər”.

Akif Nəsirli həmçinin vurğulayıb: Bazara birinci təsir qiymət siyasəti üzərindədir. Dövlət qiymətləri inzibati yolla artırıb, lakin idxal da eyni zamanda böyüyüb. Bu o deməkdir ki, daxili qiymət artımı hələ ki, istehlakı ciddi şəkildə məhdudlaşdırmayıb, insanlar bahalılaşmaya baxmayaraq Aİ-95-dən Aİ-92-yə keçməyib. Bu isə tələbin qiymətə nisbətən az həssas olduğunu, yəni istehlakçıların yüksək oktanlı benzinə olan bağımlılığının güclü olduğunu göstərir.

İkinci təsir idxal strukturunun özündən gəlir. BƏƏ, Belarus, Rusiya, Yunanıstan, Qazaxıstan, Rumıniya - bu coğrafiya çox geniş və rəngarəngdir. Bu diversifikasiya bir tərəfdən təchizat riskini azaldır, digər tərəfdən isə hər mənbənin öz siyasi və logistik risklərini daşıdığını göstərir. Belarus və Rusiya üzərindən gələn yanacağın Qərb sanksiyaları kontekstində uzunmüddətli etibarlılığı sual altına düşə bilər.

Üçüncü məsələ rəqabət mühitinə aiddir. İdxalın bu qədər artması yerli emalçılar üçün, xüsusən SOCAR üçün dolayı siqnaldır - daxili istehsal həcm baxımından artsa da, keyfiyyət standartlarını tam ödəmirmi? Əgər belədirsə, bu, SOCAR-ın modernləşməsi üçün təzyiq kimi işləyə bilər”.

Akif Nəsirli qeyd edib ki, dövlət qiymətləri süni şəkildə aşağı saxlasa, subsidiya yükü ağırlaşar:

“Uzunmüddətli mənzərəyə baxanda isə ən böyük risk budur: idxala bağlılıq artdıqca, xarici bazarlardakı qiymət dalğalanmaları birbaşa Azərbaycanın daxili yanacaq bazarına köçür. Dövlət qiymətləri süni şəkildə aşağı saxlasa, subsidiya yükü ağırlaşar, qiymətləri bazar səviyyəsinə buraxsa, sosial narazılıq artır. Bu ikili təsir isə hər iki halda xəzinəyə təzyiq deməkdir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr