Avrozonada borc liderliyi dəyişir: İtaliya birinci yerə yüksəlir
Avrozonada dövlət borcu balansında ciddi dəyişiklik gözlənilir. Yeni proqnozlara əsasən, Yunanıstan illərdir tutduğu “ən yüksək borclu ölkə” statusunu İtaliyaya təhvil verəcək.
Məlumatlara görə, Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti ilin sonuna qədər 145 faizdən təxminən 137 faizə düşəcək. Bu isə ölkənin maliyyə vəziyyətində müəyyən sabitləşməni göstərir.
Eyni zamanda İtaliyada əks proses müşahidə olunur. Orta və uzunmüddətli büdcə proqnozlarına əsasən, ölkənin borc yükü artaraq 2026-cı ildə 138 faizdən yuxarı səviyyəyə qalxa bilər. Bu isə İtaliyanı avrozonada borca görə lider mövqeyə gətirəcək.
Ekspertlər bu vəziyyəti bir neçə struktur səbəblə izah edirlər: zəif iqtisadi artım, aşağı məhsuldarlıq, yüksək sosial xərclər və sürətlə qocalan əhali. Buna siyasi qeyri-sabitlik və regionlararası iqtisadi fərqlər də əlavə olunur.
Nəticədə, bir vaxtlar Yunanıstanın mərkəzində dayandığı borc böhranı bu dəfə İtaliyanın üzərinə keçir və Avropada maliyyə balansının yenidən dəyişdiyini göstərir.