“Facebook” və “Instagram”ın sahibi olan “Meta” şirkəti gələn ay işçi qüvvəsinin 10 faizini, təxminən 8 min nəfəri ixtisar edəcək. Şirkət bu addımı süni intellekt (AI) layihələrinə daha çox vəsait ayırmaq məqsədilə atır.
“BBC” xəbər verir ki, “Meta” bu il süni intellekt layihələrinə 135 milyard dollar xərcləməyi planlaşdırır. Bu məbləğ şirkətin son üç ildə bu sahəyə xərclədiyi ümumi vəsaitə bərabərdir. Şirkət rəhbəri Mark Zukerberq bildirib ki, süni intellekt alətləri işçilərin məhsuldarlığını artırır. Onun sözlərinə görə, əvvəllər böyük komandanın gördüyü işi indi süni intellektin köməyi ilə bir nəfər edə bilər. Şirkət işçilərin kompüterlərdəki fəaliyyətini izləməyə başlayıb. Bu məlumatlar süni intellekt modellərini təlimatlandırmaq üçün istifadə olunacaq. İşçilər isə bu addımı “qorxulu” adlandırırlar.
“2026-cı il süni intellektin iş prinsiplərini kəskin şəkildə dəyişdirdiyi il olacaq. Texnologiya şirkətləri artıq insan əməyini süni intellektlə əvəz etməyə daha çox meyillidirlər”, - deyə M.Zukerberq əlavə edib.
Bundan başqa, digər böyük şirkətlər də oxşar addımlar atır. Məsələn, bu il “Amazon” 30 min, “Oracle” isə 10 min işçisini ixtisar edib. Bütün bu şirkətlər süni intellektin imkanlarının artmasını və bu sahəyə böyük investisiyalar yatırılmasını daha az işçiyə ehtiyac duyulması üçün əsas amil kimi göstərirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”