Bakı, 24 aprel, AZƏRTAC
İnvestisiyaların cəlb edilməsi üçün layihələrin düzgün strukturlaşdırılması və institusional tələblərə uyğunlaşdırılması əsas şərtlərdən hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Texol” şirkətinin baş direktorun müavini Janar Galimova "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nun “Risk, kapital və uyğunluq. Ticarətin və İnfrastrukturun maliyyələşdirilməsi” adlı sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Qazaxıstanda böyük potensiala malik çoxsaylı layihələr mövcuddur, lakin onların bir hissəsi ilkin mərhələdə düzgün qurulmadığı üçün sonra yenidən strukturlaşdırılmağa ehtiyac yaranır.
“Layihələrin iqtisadi əsaslandırılması bir çox amillərdən asılıdır. Əvvəllər bu kimi problemlər əsasən hesablamaların düzgün aparılmaması ilə izah edilsə də, sonradan aydın olur ki, məsələ yalnız bununla məhdudlaşmır. Bəzi hallarda bazarın özü və institusional mühit mövcud kommersiya imkanlarının tam reallaşdırılmasına mane olur. Region ölkələrində maliyyə resursları mövcud olsa da, layihələrin yetkin olmaması və ya düzgün strukturlaşdırılmaması bu vəsaitlərə çıxışı məhdudlaşdırır. Bununla belə, Qazaxıstan hazırda investorların diqqətini və maliyyə resurslarının cəlb olunması baxımından əlverişli dövrünü yaşayır”,- deyə o qeyd edib.