AZ

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycanda fəaliyyəti son dövrlərdə daha da aktivləşib və maliyyələşmə göstəricilərində artım müşahidə olunub. Son məlumatlara əsasən, Bankın ölkəmizdə təsdiqlədiyi 44 layihənin ümumi dəyəri 11,4 milyon avro və ya 2,5 faiz artaraq 442,2 milyon avroya çatıb. Bu dinamika Azərbaycanın regional maliyyə əməkdaşlığında rolunun getdikcə gücləndiyini göstərir.

Eyni zamanda, imzalanmış layihələrin sayı və həcmi də artım tendensiyası nümayiş etdirir. Belə ki, 46 layihə üzrə ümumi maliyyə dəyəri 10,9 milyon avro və ya 2,5 faiz yüksələrək 439,6 milyon avro təşkil edib. Bu artım Bankın ölkədə investisiya mühitinə olan etimadının göstəricisi kimi qiymətləndirilir.

BSTDB-nin birbaşa maliyyələşdirdiyi layihələrin sayı da genişlənərək  41- dən 42-yə yüksəlib. Ayrılmış vəsaitin ümumi həcmi isə daha nəzərəçarpacaq templə artaraq 93,6 milyon avro və ya 15,4 faiz yüksələrək 701,6 milyon avroya çatıb. Bu, Bankın Azərbaycanda iqtisadi layihələrə daha fəal dəstək verdiyini təsdiqləyir.

Portfel strukturuna nəzər saldıqda  maliyyələşmənin 49,37 faizini maliyyə institutlarına yönəldiyi aydın görünür. Bunun ardınca enerji sektoru 35,88 faiz payla ikinci yerdə qərarlaşıb. Daşınmaz əmlak (7,04 faiz), istehlak yönümlü sektorlar (3,99 faiz) və gündəlik istehlak malları sahəsi (3,72 faiz) isə daha kiçik paylarla təmsil olunurlar. Bu bölgü ölkə iqtisadiyyatında prioritet istiqamətlərin hansı sahələrdə cəmləşdiyini açıq şəkildə göstərir.

Qeyd edək ki, 1996-cı ildə təsis edilən BSTDB regionda iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan nüfuzlu beynəlxalq maliyyə institutudur. Bankın səhmdarları sırasında Azərbaycan da daxil olmaqla 11 ölkə yer alır. Azərbaycan 2002-ci ildən etibarən qurumun üzvüdür və 5 faiz paya malikdir. Bu iştirak ölkəyə beynəlxalq maliyyə resurslarına çıxış imkanlarını genişləndirməklə yanaşı, strateji layihələrin reallaşdırılmasına əlavə impuls verir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr